7 il fərqlə iki foto: nələr dəyişdi?
Bu fotolardan biri 2015-ci ildə Türkiyədə, digəri isə bu gün – dekabrın 14-də Türkmənistanda çəkilib.
Bu barədə politoloq Elxan Şükürlü qeyd edib.
Politoloq bildirib ki, ötən 7 ildə bu fotodakı 4 şəxslə bağlı çox önəmli hadisələr baş verib:
“Prezident Əliyev artıq 44 günlük Qarabağ savaşını qalibiyyətlə bitirən komandan statusundadır; 2015-ci ildə şahzadə olan III Çarlz 2022-ci ilin sentyabrından Böyük Britaniyanın yeni Kralıdır; 2016-cı ildə amerikalıların devirməyə çalışdıqları Ərdoğan indi Rusiya-Qərb münasibətlərini tənzimləyən əsas siyasi fiqurdur və 2023-cü ildə yenidən prezident seçilməyə hazırlaşır; ata Berdiməhəmmədovun postundasa hələ çox gənc oğlu əyləşsə də, qərarların qəbulunda söz sahibi, “kölgədəki lider” özüdür.
Bir də ortada 4 ölkəni bir-birinə sıx bağlayacaq dəyişməyən bir strategiya, hər il irəliləyən plan var: Türkmənistanın zəngin enerji ehtiyatlarını Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya çatdırmaq! Üstəlik, sanksiyalarla çökdürülən Rusiya da öz enerji ehtiyatlarını getdikcə daha sıx münasibətlər qurduğu Türkiyə üzərindən Avropa bazarına çıxarmaqda maraqlıdır. Bundan əlavə, Ukrayna böhranı onu Türkiyə-Azərbaycan ittifaqı ilə daha da yaxınlaşmağa sövq edəcək. Bu isə Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Çinin “Bir Kəmər-Bir Yol” layihəsində əsas yer tutan Zəngəzur dəhlizi tezliklə açılacağı anlamına gəlir.
Müqavimətdə israr, sülhdən imtina Ermənistanın başının yenidən əzilməsiylə nəticələnər!”