Geri çəkilirlər: “Bunu istəyiriksə, Türkiyə və Azərbaycanla işləməliyik”
“Türkiyə ilə təkcə Yaxın Şərqdə deyil, Orta Asiyada da Çin və Rusiyaya qarşı birgə hərəkət etmək lazımdır”.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq idarəsinin keçmiş rəhbəri Maykl Doran deyib.
“Amerikalılar Obama dövründə çıxılmaz vəziyyətə düşdülər, YPG ilə ittifaqa getdilər. Onlar bunun İŞİD-i məhv etmək üçün müvəqqəti həll yolu olduğunu və Suriya sabitləşdikdən sonra geri çəkiləcəklərini düşündülər. Amma bu ittifaqa son qoymağın daxildə də siyasi xərcləri olacaq. Nədənsə türklərlə problem olmayacağını düşünürdülər, amma çıxılmaz durum idi. İnanıram ki, tərəfdaşlıq sona yaxınlaşır”, – Doran bildirib.
O, bunun Türkiyənin təzyiqi və apardığı danışıqlarla olacağını, Ukrayna müharibəsinin ABŞ-a Türkiyənin dəyərini daha yaxşı anlamasına kömək etdiyini söyləyib:
“Türklərin buna son qoyacağına inanıram. Türklər, Prezident Ərdoğan Ukrayna müharibəsi ilə Rusiyanın daha zəif olduğunu və ABŞ-ın Türkiyənin narahatlığını daha yaxşı başa düşdüyünü anladı. O, bunu amerikalılara YPG ilə əlaqələrini dayandırmaq üçün təzyiq etmək fürsəti kimi görür. Bilmirəm, yaxın vaxtlarda bitəcəkmi, amma bitməyə məhkumdur. Çünki amerikalılar görməyə başlayıblar ki, türklər bunu heç vaxt qəbul etməyəcəklər, nə qədər YPG ilə ortaqlıqlarının Türkiyənin xeyrinə olduğunu desələr də.”
Doran belə düşünməsinin başqa bir səbəbi olaraq, Türkiyənin Suriyanın şimalında Rusiyanın nəzarətində olan ərazilərdə mümkün quru əməliyyatı keçirəcəyi təqdirdə YPG terror təşkilatının yalnız ABŞ-ın nəzarətindəki ərazilərdə qalacağını, bunun da Ankara ilə Vaşinqton arasında danışıqları intensivləşdirəcəyini göstərib.
Doran YPG-nin Vaşinqton üçün başağrısına çevrildiyini də deyib. Onun sözlərinə görə, bəzi Amerika rəsmiləri bunun Türkiyə ilə çəkişmələrə səbəb olacağını bilsələr də, Ankaranı diplomatiya ilə razı salacağını da düşünürlər.
“Ümid edirəm ki, ilk dəfə Vaşinqtonda bu münasibətlərlə bağlı ciddi müzakirə başlayacaq. Ukrayna müharibəsindən sonra daha çox insan Türkiyənin bizim ən mühüm tərəfdaşımız olduğunu və SDQ (YPG) ilə əlaqələrin Türkiyə-Amerika münasibətlərinə xələl gətirdiyi fikrini qəbul etməyə başlayıb. ABŞ bu tərəfdaşlığa yenidən baxmalıdır”, – Doran vurğulayıb.
Ağ Evin sabiq rəsmisi onu da bildirib ki, Çinlə rəqabət təkcə Sakit okean hövzəsi ilə məhdudlaşa bilməz, bu, Orta Asiya və Yaxın Şərqdə də təsiredici olmalıdır:
“Buna Türkiyə və onun müttəfiqi Orta Asiya ölkələri ilə əməkdaşlıq etməklə nail olmaq olar.
Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik güclənir, türk dövlətləri təşkilatlanır. ABŞ Türkiyəni Mərkəzi Asiyaya açılan qapı kimi görməlidir. Düşünürəm ki, Türkiyənin enerji mərkəzinə çevrilməsi ideyası həyəcanvericidir. ABŞ-ın məqsədi Rusiya və Çinlə rəqabət aparmaqdırsa, hədəfi Türkiyə və müttəfiqləri ilə işləmək olmalıdır”.