İstanbulda mühüm görüş: Türkiyədən Rusiya açıqlaması…
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və rusiyalı həmkarı Sergey Verşinin başçılıq etdiyi nümayəndə heyəti arasında 8-9 dekabr tarixlərində İstanbulda görüş keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi görüşün təfərrüatı ilə bağlı bəyanat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə ikitərəfli əlaqələrlə yanaşı, İstanbul taxıl sazişinin icrası, Ukrayna və Suriyadakı son vəziyyət, bundan başqa, BMT-nin transsərhəd humanitar yardım mexanizmi, Liviya, Yaxın Şərq və Şərqi Aralıq məsələləri müzakirə olunub:
“Ukraynadakı müharibənin ən qısa zamanda dayandırılmasının vacibliyinə diqqət çəkdik, bu məqsədlə ədalətli və davamlı həll yolu tapmaq üçün danışıqlara qayıtmağın vacibliyini vurğuladıq, eyni zamanda münaqişənin həlli üçün tərəflərə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha bəyan etdik.
Həmçinin, görüşdə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasına verilən önəm vurğulanıb. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə daxil edilmiş “Yol xəritəsi” əsasında ölkədəki böhranın siyasi həllinin zəruriliyi qeyd edilib.
Təkcə Suriyanın ərazi bütövlüyünə deyil, Türkiyənin də milli təhlükəsizliyinə də təhdid yaradan PKK/YPG/PYD terror təşkilatı ilə mübarizədə qətiyyətimizi bir daha vurğuladıq və bu kontekstdə Rusiya ilə 2019-cu ilin oktyabrında imzalanmış anlaşmanın müddəalarının yerinə yetirilməsini gözlədiyimizi ifadə etdik”.