Avropanın ümidi türkmən qazınadır – Ankara, Bakı və Aşqabad arasında kritik görüş
Rusiyanın Ukraynaya təcavüzü tək siyasi deyil, iqtisadi problemlərə yol açıb. Ən ciddi böhran da enerji böhranıdır. Qərb dövlətlərini özündən asılı vəziyyətə salan Rusiya hələ ki bu sahədə at oynadır.
Yeri gəlmişkən, böhranın həllində əsas rol oynamaq istəyən Türkiyə Rusiya ilə birlikdə Trakyada enerji mərkəzi yaratmaq planlarına əlavə olaraq daha bir strateji addım atacaq. Sedat Önal, “türkmən təbii qazının sistemə daxil edilməsi, bəlkə də Türkiyə vasitəsilə beynəlxalq bazarlara açılması, Rusiyanın mövcud mövqeyi fonunda enerji resurslarının şaxələndirilməsi həm bizim, həm də Qərb üçün vacib hala gəldi. Tədbirli və mərhələli bir anlayışla inkişaf etdirilməyə çalışılır” deyib.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində məlumat verən Önal Rusiya-Ukrayna müharibəsi səbəbiylə şimal dəhlizinin yoxa çıxmasından sonra şərq-qərb mərkəzi dəhlizinin və Xəzər keçidi ilə dəhlizlərin əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Türkmənistanın nəqliyyat, ticarət və enerji dəhlizlərinin üstündə strateji mövqedə olduğunu xatırladıb.
Önal sözlərinə belə davam edib: “Türkmənistan Xəzərin şərq, qərb və orta dəhlizinin tranzit marşrutu ölkələrindən biridir. Dünyanın 4-cü ən böyük təbii qaz ehtiyatı ilə mühüm enerji ixracatçısıdır. Siyasət baxımından daimi qərəzsizlik siyasətini izləyir, eyni zamanda son dövrdə xüsusilə Türk dünyası ilə münasibətlərin yaxşılaşması kontekstində mühüm addımlar atmağa başlayıb. Bu kontekstdə Türkiyə-Türkmənistan-Azərbaycan Üçtərəfli Dövlət Başçıları Zirvəsinin keçirilməsini nəzərdə tuturuq”.
Üçtərəfli sammitin gələn həftə Türkmənistanın turizm bölgəsi olan Xəzər dənizi sahilindəki Avazada keçiriləcəyi bildirilib.