Makronun bu çıxışı NATO ölkələrini qəzəbləndirdi
NATO ölkələrinin 30 xarici işlər nazirinin noyabrda Buxarestdə görüşüb, Rusiya təzyiqi altında olan Ukraynaya və digər regional oyunçulara növbəti yardım planını müzakirə edəndə fransız nazirin olmaması təəccüblü idi.
Bu barədə “Röyters” yazıb.
Bildirilib ki, həmin vaxt Fransa XİN başçısı Prezident Makronla birgə ABŞ-da dövlət səfərində idi – halbuki ABŞ Dövlət katibi Blinken Buxarestə gəlməyə macal tapmışdı:
“Avropalı müttəfiqlər, xüsusilə Şərqi Avropadakı, cəbhəyə yaxın dövlətlər üçün bu, Kiyevi dəstəkləyən Qərb ittifaqında Fransanın zəif həlqə olub-olmaması ilə bağlı daha bir narahatlıq səbəbi idi.
Buxarestdəki görüşdən cəmi iki gün sonra Makronun Ukrayna haqda ABŞ və Fransa mediasında yayılan qarışıq mesajları isə NATO-nun Şərqi Avropa ölkələrində qıcıqlanmanı daha da artırdı və bu, ictimailəşdi. Makron bir tərəfdən Kiyevin danışıqlarla bağlı özünün qərar verməli olduğunu deyir, digər tərəfdən isə danışıqlar zamanı gələrkən Rusiyaya təhlükəsizlik təminatı verməyə çağırış edirdi.
Estoniyanın sabiq prezidenti Tomas Hendrik Fransanın müttəfiqlərinin ümumi ovqatını Tvitterdə bu sözlərlə ifadə etmişdi: “O, lənət şeytana…”
Ukraynanın reaksiyası isə sürətli və kəskin oldu. Prezident Ofisi rəhbərinin köməkçisi Podolyak bildirdi ki, dünyanın Rusiyadan təhlükəsizlik zəmanətinə ehtiyacı var, nəinki Rusiyanın!
Bu cür şərhlər Fransanın NATO-nun Şərqi Avropa və Baltikyanı müttəfiqlərini qəzəbləndirib və hər kəs Makronun niyyətlərindən ehtiyat edir. Bu güvənsizlik isə Fransanın ABŞ-dan hərbi baxımdan asılılığı azaltmaq üçün “Avropa çətiri” qurmaq cəhdlərinə zərbə oldu.
Şərqi Avropadan olan diplomatlardan biri Makronun Rusiyanı bir dəfə “səhv başa düşdüyünü” və bunun təkrarlana biləcəyindən ehtiyatlandıqlarını demişdi”.
Məqalədə vurğulanır ki, Makronun “Rusiyaya təhlükəsizlik təminatı”ndan danışması ona olan etibarı sarsıdıb.
Fransanın ABŞ-dakı səfirinin də Makronun bu sözü “yerində demədiyinə” işarə etdiyi də xatırladılıb. “Xarici siyasətdə heç vaxt hər şeyi ucadan söyləməməlisən. Haqlı olmaq kifayət deyil. Siz bunu doğru anda söyləməlisiniz, əks halda istədiyinizin əksini əldə etmək riskiniz var” – o bildirmişdi.
Qeyd edək ki, onun daha bir ziddiyyətli açıqlaması Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılması ilə bağlıdır. Ukrayna XİN başçısı Kuleba Makronun bu mövqeyini “iyrənc” adlandırıb. /axar.az