“Sülh müqaviləsinin imzalanmaması müharibəni labüd edir” – Politoloq
Ermənistanla sülh müqaviləsi Azərbaycana niyə bu qədər lazımdır?Azərbaycan cəmiyyətində bu sual olduqca aktualdır.
İctimai müzakirələrdə verilən suallardan biri budur:“Necə olur ki, qalib Azərbaycan sülh təklif edir, məğlub Ermənistan isə razılaşmadan yayınır?!”
Erməni şərhçiləri isə mövzuya fərqli rakursdan yanaşırlar: “Azərbaycan niyə tələsik sülh müqaviləsi imzalamağa çalışır?Qorxursunuz ki, beş-on ildən sonra Ermənistan güclənəcək və ou sülhə məcbur etmək mümkün olmayacaq?!”
Politoloq Fərhad Məmmədov Azərbaycanın sülh prosesini sürətləndirməyə çalışmasının səbəblərini belə izah edir: “Birincisi, Azərbaycan sülh müqaviləsi üçün beş prinsip irəli sürüb və bu məsələdə israrlıdır. Bu, qarşılıqlı öhdəliklərin təmin edilməsi və ən əsası, Azərbaycan üçün maksimum proqnozlaşdırıla bilən mühitin yaradılması üçün lazımdır;
İkincisi, Azərbaycan hesab edir ki, Ermənistana təsir mexanizm sülh müqaviləsidir. Ermənistanla münasibətləri normallaşdırmaqla gələcəkdə ehtimal olunan təhlükələri neytrallaşdırmağa çalışır;
Üçüncüsü, məsələnin hüquqi tərəfidir. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində müharibəni uduzdu, əraziləri işğal altına düşdü, ancaq onları azad etmək hüququnu özündə saxladı. 25 ildən artıq ardıcıl fəaliyyəti ilə 2020-ci ildə əks-hücum əməliyyatına hüquqi və diplomatik əsaslar yarada bildi. Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistan işğalı qanuniləşdirməyə çalışıb və işğal etdiyi ərazilərin ilhaqını nəzərdə tutan hüquqi sənədlər qəbul edib”.
Ekspertin fikrincə, sülh müqaviləsi bu sənədlərin də ləğvinə və Ermənistanın Qarabağla bağlıiddialarından imtinasının rəsmiləşdirməsinə səbəb ola bilər.
Ekspert bildirir ki, sülh müqaviləsi olmadığı haldaErmənistanın Azərbaycana qarşı ərazi iddiası qaıacaq. Bu da növbəti müharibəni labüd edir.
Politoloq vurğulayır ki,Ermənistanın təcavüzkar dövlər olduğu nəzərə alınmalıdır: “Ermənistan indiki vəziyyətində belə beynəlxalq hüquqa məhəl qoymayan, Qarabağda silahlı qüvvələrini saxlamağa, hərbi cinayətkarları maliyyələşdirməyə davam edən təcavüzkar dövlətdir. Yəni, Azərbaycanın hərəkətlərinin məntiqi ondan irəli gəlir ki, sülh müqaviləsi Ermənistanla münasibətlərin normallaşması prosesinin başlanğıcı olmalıdır. Ona görə də sülh müqaviləsinin olmaması Azərbaycan üçün mümkün təhlükələri indi aradan qaldırmaq zərurətini yaradır”.
F. Məmmədov bildirir ki, bu baxımdan beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan çox gözlətməyəcək və mümkün təhlükələrin qarşısını almaq üçün bütün mövcud resurslardan, o cümlədən hərbi gücdən istifadə edərək öz məqsədlərinə nail olacaq.
“Sülh müqaviləsinin imzalanmadığından Azərbaycanı Ermənistanı sülhə məcbur etməyə davam edir, çünki biz bu addımı vasitəçilərdən görmürük. Onların bəziləri, məsələn, ermənilərin arxalandığı Fransa Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləyir”– deyə, təhlilçi vurğulayıb.
Ekspert əlavə edir ki, birtərəfli tədbirlər həyata keçirilsə belə, Azərbaycan sülh müqaviləsini gündəmdə saxlayacaq: “Çünki bu, fundamental əhəmiyyət kəsb edir. Şərtləri dəyişə bilərsiniz, ancaq prosesdə qalmaq lazımdır. Biz vasitəçilərin bəyanatlarında da sülh müqaviləsi mövzusunun gündəlikdəki bütün digər mövzuların həlli üçün əsas şərtə çevrildiyinin etiraf edildiyini görürük. Nəticə almaq üçün siyasi, diplomatik, hərbi metod və mexanizmlər birləşdirilməlidir”.