Putinin böyük səhvi: Rus ordusu niyə bütün Ukraynanı işğal edə bilmədi?
Rusiya Ukraynanı on günə ələ keçirməyi planlaşdırırdı, amma bu ssenari zəif hazırlıq ucbatından baş tutmadı.
Bu barədə Böyük Britaniyanın Kral Birləşmiş Qüvvələri İnstitutunun (RUSI) araşdırmasında deyilir.
İngilis hərbi ekspertlərin araşdırmasına görə, Rusiyanın planı Ukraynanı on günə işğal və bu ilin avqustuna qədər onu tamamilə ilhaq etmək olub. Kreml ümid edirdi ki, hücumun sürəti və dezinformasiya kampaniyası Ukrayna paytaxtının qısa müddətdə keçirilməsini təmin edə bilər.
Ekspertlərin fikrincə, müharibənin ilk günlərində ruslar Kiyev yaxınlığında üstünlüyə nail olublar. Amma öz planlarını effektli şəkildə həyata keçirmək üçün taktiki səviyyədə hazırlıqsız olduqlarını sübut etdilər.
Mütəxəssislər işğaldan 24 saat əvvəl hücum əmri alan rus bölmələrinin əksəriyyətinin Kiyevə hücum planlarından xəbərsiz olduğuna diqqət çəkiblər. Rusların silah-sursat, yanacaq, yeməkləri və hansı hərəkəti edəcəkləri barədə məlumatları olmayıb.
Beləliklə, məxfiliyin qorunması səbəbindən Rusiya silahlı qüvvələri əməliyyat səviyyəsində qəfil üstünlüyü əldə edib, amma lakin taktiki səviyyədə Ukrayna ordusu nə etməli olduğunu daha yaxşı bilib.
Nəticə etibarilə sürət istənilən nəticəni vermədikdə, Rusiya qoşunları Ukraynanın səfərbər olması ilə öz mövqelərinin durmadan pisləşdiyini gördülər. Ukrayna ordusu təşəbbüsü uzaq məsafədən Rusiya logistikasını təhlükə altına qoyduğu zaman ələ keçirdi.
Batalyon-taktiki qruplar tərəfindən döyüş əməliyyatlarına cəlb edilən rus sistemləri də səmərəsiz oldu.
Həmçinin, işğal başlayandan sonra ruslar bir çox ukraynalı generallara təslim olmağa çağırış və Rusiyanın Ukraynaya zərər verməyəcəyinə dair zəmanətlə şəxsi mesajlar göndərdilər. Ukrayna ordusunun demək olar ki, bütün polkovniklərinə anonim nömrələrdən oxşar məzmunlu mesajlar göndərilib. Bundan əlavə, işğalın ikinci günü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi komandanlığına şəxsən müraciət edərək, Kiyevdə hakimiyyəti devirməyə çağırıb. Araşdırmada deyilir ki, bu cəhdlərin nəticəsiz qalması Rusiya xüsusi xidmət orqanlarının Ukrayna hərbçilərinin psixologiyasını dəyərləndirmədiyini göstərir.
RUSI onu da bildirib ki, Ukraynanın daha yaxşı dəstəyə ehtiyacı var. İngilis analitiklərin fikrincə, qələbə kifayət qədər ağır döyüşlər tələb edir, lazımi dəstək olsa, Ukrayna Rusiyanı məğlub edə bilər.