Katsman: “Ermənistan üçün Azərbaycana qarşı nə Fransa, nə də İran vuruşacaq”
“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün üç şərti platformanın – Moskva, Brüssel və Vaşinqton – heç birində irəliləyiş yoxdur”.
Bu barədə amerikalı jurnalist, analitik Samson Katsman suallarını cavablandırarkən deyib:
“Belə deyim, ABŞ öz qərarını məcbur qəbul etdirmək fikrində deyil. Vaşinqton hər iki tərəfi qane edəcək həllin ən perspektivli, uzunmüddətli olacağı fikrinə əsaslanır. Təəssüf ki, üç platformanın heç birində irəliləyiş yoxdur.
Vaşinqton danışıqlarının işıqlandırılması son dərəcə zəif idi, bu da onun çox ağır getdiyini göstərir. Orada, demək olar ki, heç bir razılaşma əldə olunmadı. ABŞ-dən “prosesi sürətləndirmək” tələbi nəsə ifadə etmir. Razılığa gəlmək istəyinin olması lazımdır və bu mesaj erməni tərəfi üçün nəzərdə tutulub”.
O, ABŞ nümayəndəsi Filip Rikerin “Birləşmiş Ştatların danışıqların nəbzini gələn ilə saxlamağa çağırışı” barədə fikrinə, ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin tezliklə nizamlanması perspektivini görmədiyinə də toxunub:
“Rikerin sözləri diplomatik baxımdan tamamilə düzgündür. Eyni zamanda, aydındır ki, “havadan asılı vəziyyətdə qalmaq” Azərbaycanı deyil, Ermənistanı qane edir. Vəziyyətin bundan sonra necə inkişaf edəcəyini bilmirəm. Çox qeyri-sabit tarazlıq yaranıb. Əgər ortaq məxrəcə gəlinməsə, o zaman, çox güman ki, istənməyən bir ssenari mümkündür. Amma təbii ki, ilin sonuna qədər sülh sazişinin imzalanması real deyil. Bundan əlavə, bölgənizə təsir edən bir çox başqa hadisələr baş verir. Bu, Suriya, İran və Ukrayna məsələsidir. Beləliklə, bu, bilinməyən tərəfləri olan bir tənlikdir.
2020-ci ilin payızında baş vermiş müharibədən sonra erməni tərəfi böyük məğlubiyyətə uğrayanda Ermənistanın siyasəti ona kömək edə biləcək dünya qüvvələrini tapmağa yönəlmişdi. Görünür, belə bir qüvvə Cənubi Qafqazdan kənarda Fransanın simasında tapılıb. Bu da Ermənistanın nizamlanmanı havadan asılı vəziyyətdə saxlaması üçün qarmağa çevrilə bilər”.
Analitik Fransa parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarla əlaqədar da danışıb. O hesab edir ki, Fransanın Ermənistan üçün nəsə etməsi elə bununla məhdudlaşır – heç bir dünyəvi və regional güc Cənubi Qafqazdakı münaqişəyə müdaxilə etməyə hazır deyil.
“Hətta son zamanlar Azərbaycanla sərhədlərində əzələlərini nümayiş etdirən İran belə, geri çəkildi”, – deyə o vurğulayıb.