Hamının üz döndərdiyi Əfqanıstanda son durum – Azərbaycan da…
ABŞ ordusu Əfqanıstanı tərk etdikdən sonra bu mövzu aktuallığını azaltmayıb. Vaşinqton beynəlxalq aləmi əvvəlki kimi inandırmağa çalışır ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməkdən başqa alternativi yox idi.
Bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Taliban rejimi Əfqanıstanın iqtisadi problemlərini həll edə bilmir:
“Digər tərəfdən Taliban ABŞ banklarındakı Əfqanıstana aid 7 milyard dolları əldə edə bilmir. Vaşinqton bu maliyyəni ona görə vermir ki, Taliban güclənməsin. ABŞ-da hesab edirlər ki, bu maliyyədən Taliban başqa məqsədlər üçün istifadə edə bilər ki, bu, Amerika üçün təhlükəsizlik problemləri yarada bilər. Məsələn, Talibanın bölgənin bir neçə radikal qruplaşmalarıyla ittifaqı var. Həmin qruplaşmalar isə ABŞ-ı düşmən sayırlar.
Vaşinqton Talibana müxalif olan qruplaşmalar və siyasi qurumlarla əlaqələrini kəsməyib. Doğrudur, həmin qruplar Talibanla mübarizədə gücsüzdürlər, ancaq gələcəkdə durumun onların xeyrinə dəyişəcəyi istisna deyil. Talibanın iqtisadi problemləri həll edə bilməməsi bu qruplaşmanın Əfqanıstandakı mövqelərini istər-istəməz zəiflədir.
Bu arada, Moskva və Pekin Talibanla təmaslarına ara vermir. Moskvanın Talibandan əsas istəyi odur ki, Rusiyanı hədəfə alan terrorçu qruplarla əməkdaşlıq etməsin və Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmasın. Moskva Rusiyanın Tacikistandakı hərbi bazasının təhlükəsizliyini düşünür. Rusiya Əfqanıstana müəyyən həcmdə humanitar yardım göndərir”.
Məqalədə vurğulanır ki, Talibanın bölgədəki əsas tərəfdaşı Çindir:
“Taliban Kabili ələ keçirməzdən əvvəl də Çin rəsmiləri ilə sıx əlaqələri vardı. Pekinin Talibandan əsas istəyi uyğurların Əfqanıstandakı silahlı qruplaşmalarıyla əməkdaşlıqdan imtina etməsi idi. Pekin Talibana böyük yatırımlar vəd etmişdi. Ancaq Çin Əfqanıstana yatırım qoymağa tələsmir, məsələ uzanır.
Çinin iqtisadi dəhlizi Pakistandan Əfqanıstana uzatması təklifi də reallaşmayıb. Pekin Əfqanıstanın mövcud olmayan infrastrukturunu maliyyələşdirmək istəmir. Taliban Çinin “Bir Kəmər, Bir Yol” layihəsindən də kənarda qalıb. Taliban rəhbərliyi bu məsələylə bağlı dəfələrlə Pekinə müraciət edib, tranzit məqsədilə Əfqanıstan ərazisindən istifadə etməsini istəyir. Ancaq cavab yoxdur. Bundan başqa, Moskva və Pekin Əfqanıstanın Şanxay Əməkdaşlı Təşkilatına üzvlüyünə də şərait yaratmırlar. Qərb dövlətləri Talibanın legitimliyini tanımadıqlarına görə Moskva və Pekin də ehtiyatlı mövqe tuturlar.
Taliban güc yolu ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın da obyektiv səbəblərdən Əfqanlstanla əlaqələri zəifləyib. Halbuki rəsmi Bakı Talibandan əvvəlki Əfqanıstan hökumətləri ilə sıx əməkdaşlıq edirdi. Azərbaycan Əfqanıstana maliyyə yardımı edir, əfqan məmurların Bakıda kurslarda iştirakına şərait yaradırdı”.