Naxçıvanda nə baş verir? – “Muxtar statusu ləğv edilməlidir, çünki…”
“Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert hesab edir ki, Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var:
“Əlbəttə, məsələnin hüquqi tərəfinin dəqiqləşdirilməsinə ehtiyac var. Ancaq fikrimcə, Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac yaranıb. Bu yalnız, Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək.
Dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq. Buna istinad edərək, Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər”.