Bölgədə gərginlik pik həddə – Türk ordusu daşımalara başladı
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) noyabrın 19-da başlatdığı “Pəncə-Qılınc” əməliyyatı ilk həftəsini başa vurub. Havadan və qurudan cəza atəşləri davam edir. Türk qüvvələri Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatının hədəflərinə bombalar yağdırır.
Bu barədə “Sabah” qəzeti yazır.
Suriyanın şimalındakı Təl Rifat, Marenaz və Minak bölgələri döyüş təyyarələrindən vurulub. Haubitsalar terrorçuların hədəflərini vurmağa davam edir.
TSQ yeni əməliyyat üçün Suriyanın şimalına hərbi daşımalara başlayıb.
Məlumata görə, Suriyanın şimalında Şəhba mahalı kimi tanınan və 2016-cı ildə terror təşkilatı tərəfindən “Şəhba Kantonu” elan edilən terror hədəfləri TSQ tərəfindən bir-bir məhv edilir. Mənbiç, Taşrin, Arima və Təl Rıfat bölgələrinin daxil olduğu bölgə 7 ilə yaxındır ki, terror təşkilatının işğalı altındadır.
Suriya Milli Ordusu (SMO) sərhədin sıfır nöqtəsində tikilmiş hərbi bazalara nəzarət edir. Zaman-zaman SMO döyüşçüləri ilə PKK/YPG terrorçuları arasında toqquşmalar baş verir.
SMO Şəhbanı terror təşkilatından təmizləmək üçün quru əməliyyatına hazırlaşır. PKK/YPG-nin Hələbin şimalındakı varlığı Şəhba terror təşkilatından təmizləndikdən sonra sona çatacaq. Terror təşkilatı Fərat çayının şərqində sıxışdırılacaq.
Türkiyə müdafiə naziri Hulusi Akar bütün gecəni Quru Qoşunları Komandanlığının Əməliyyat Mərkəzində işlədikdən sonra səhər saatlarında Hakkari sərhəd xəttinə yola düşüb.