BTQ dəmir yolu xəttinin yükötürmə qabiliyyəti artırılacaq
Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 75 % çox – 8,7 milyon ton olub ki, bunun da 6,7 milyon tonu dəmir yolu vasitəsilə daşınıb. Biz bu ilin yekununda tranzit yüklərin həcmində iki dəfə artım gözləyirik. Odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsini (2-ci fazada tikintisini), eləcə də BTQ-nın yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırırıq”, – deyə o, qeyd edib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu ilin əvvəlindən BTQ ilə 540 min ton yük daşınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 26,1 % çoxdur. Dəmir yolu xətti ilə üzrə işlər Azərbaycan və Türkiyədə tam, Gürcüstanda isə 86 % yekunlaşıb.