Prezident: “Bütün forumlarda ərazi bütövlüyünün tərəfdarı kimi çıxış etmişik”
“Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və bu mövqeyə sadiq qalır”.
Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Rusiya-Ukrayna münaqişəsi barədə suala cavab verərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Fikrimcə, nə baş verəcəyini heç kim bilmir. Biz bu məsələyə qoşulmamışıq və informasiyanı açıq mənbələrdən alırıq. Lakin görürük ki, bu münaqişə ilə bağlı beynəlxalq hadisələrin proqnozlaşdırılması əsla mümkün deyil. Ən vacib sual bunun nə vaxt və necə başa çatacağıdır. Dünyada çox şey bundan asılı olacaq. Ona görə də vəziyyətin necə inkişaf edəcəyi barədə şərhlərlə çıxış etmək mənim tərəfimdən, necə deyərlər, çox məsuliyyətsiz hərəkət olardı. Bu, bir sıra amillərdən, Rusiya hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərbdəki müttəfiqlərin siyasətindən asılıdır”.
Sözlərinə davam edən Azərbaycan Prezidenti deyib: “Bunu başa düşmək lazımdır ki, müharibə başa çatmalıdır. Fikrimcə, bu, birinci dərəcəli məsələdir. Əlbəttə, Azərbaycan bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqeyə sadiq qalırıq. Biz ərazi bütövlüyünün pozulmasından zərər çəkmişik. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Digər tərəfdən, müxtəlif ölkələrin ərazi bütövlüyünə fərqli yanaşma mövcuddur”.
İşğal dövründə Azərbaycanın postsovet məkanında münaqişələrə yanaşmaların fərqli olmasına görə həmişə məyus olduğunu deyən dövlətimizin başçısı vurğulayıb: “Ukraynaya qədər Gürcüstanda, Moldovada münaqişələrdən söhbət gedəndə həmin ölkələrin ərazi bütövlüyünü aşkar şəkildə dəstəkləyirdilər. Azərbaycanla bağlı halda biz vasitəçilərdən heç vaxt belə açıq yanaşma və ya bəyanat eşitmədik. Bizə, sadəcə, deyirdilər: “Siz razılığa gəlməlisiniz”. Amma biz soruşanda ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələri necə olsun?”, cavabında susurdular. “Helsinki Yekun Aktı necə olsun?”, cavabında susurdular. Onda biz dedik: “Yaxşı! Bu reallıqdır və biz bu reallığı dəyişəcəyik”. Biz bu reallığı dəyişməyə hazırlaşmağa başladıq. Məsələ belə olub”.
Dövlətimizin başçısı vəziyyəti beynəlxalq hüquq deyil, BMT deyil, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordunun, bizim xalqın, bizim siyasi iradəmizin dəyişdiyini vurğulayaraq deyib: “Beləliklə, reallıq dəyişdirilməli idi. Bunu etməyə gücün varmı? Gücün varsa, bunu edirsən, yoxdursa, güc toplayırsan. Əgər sakit həyat istəyirsənsə, bu gerçəkliklə razılaşırsan. Biz başqa yol seçdik. Məndən soruşurdular ki, yuxusuz gecələrim olubmu? Bəli, işğal dövründə qəzəb hissinə görə çox yuxusuz gecələrim olub. Ona görə yox ki, nə isə baş verə bilər, bəzən onu başa düşdüyümə görə ki, bu ədalətsizlik dünyanın necə idarə edilməsinin nəticəsidir. Biz yalnız müharibədə qalib gələndən sonra məndə ədalətə inam hissi əmələ gəldi. Mən ədalətə yenidən inanmağa başladım. Buna görə də sonda nə olacağını yenə bilmirəm. Bizimlə nə etdikləri aydındır. Bizim ərazi bütövlüyünün bərpasına yanaşmamız da məlumdur. Yəni, güclü olmaq lazımdır”.