“Məqsəd Ankara-Bakı-Təl-Əviv üçbucağını zəiflətmək idi…” – “Bu gərginlik İran daxilində daşları yerindən oynatdı”

 

“Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşayiət olunurdu. İran Ermənistan sərhədlərini “qırmızı xətt” adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirdi. Lakin irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər”.

Bunu politoloq Fərhad Məmmədov İranın Azərbaycana qarşı yürütdüyü siyasəti və son dövrlər süni şəkildə yaratdığı gərginliyin nəticələrini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, İranın gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməmək və Ankara-Bakı-Təl-Əviv üçbucağını zəiflətmək idi.

Lakin təzyiqlərə rəğmən İran tamamilə əks nəticələr əldə etdi. Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan silahlı qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır”, – təhlilçi əlavə edib.

F.Məmmədov xatırladır ki, Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir. Buna görə də İranın təhdidlərinə rəğmən Bakı bu dəhlizlə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir: “İranın təlimlərinə cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirdilər. İranla problemli münasibətlərə malik ölkələrin Bakıya diqqəti artdı. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İran Xarici İşlər nazirinə, Pakistanın rəhbəri və İsrailin müdafiə naziri isə Azərbaycanlı həmkarına zəng etdi. Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışdı. Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Baş Qərargah rəisi Kərəm Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi M.Koun və NATO-nun kontr-admiralı G.Brousdal ilə görüşlər keçirdi. Hər iki görüş ölkəmizin ABŞ və NATO ilə hərbi əməkdaşlığının inkişaf perspektivlərinə həsr edilmişdi.

DTX İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xəricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri həyata keçirdi. “Black Rewards” haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə 47.158 və 75.000 avro, Naxçıvandakı casus şəbəkəsinə isə 15.083 və 30.000 avro pul köçürəcəyini isbatlayan sənədlər yaydı. Gürcüstanın təhlükəsizlik orqanları isə ölkədə mövcud olan İran casus şəbəkəsinin ifşa edilib, yaxalanması istiqamətində əməliyyatlar apardı”.

Politoloq qeyd edir ki, İranın destruktiv siyasəti Avropa İttifaqı tərəfindən yeni sanksiyaların qəbul edilməsinə və İsraildə Benyamin Netanyahunun yenidən hakimiyyətə qayıtmasına təsir göstərdi.

Ekspert xatırladır ki, Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndə ofisinin açılması haqqında qərar qəbul etdi: “Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaq. İsrailin Xarici İşlər Nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd sammitində güney azərbaycanlılar daxil türkdilli xalqların hüquqlarının və milli kimliyinin (dil hüququ) qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağı təklif etdi”.

Fərhad Məmmədov bildirir ki, məqsədlərinə çata bilməyən İran Bakıya Xamneyinin müşaviri Əli Əkbər Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi: “Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi. Hikmət Hacıyev cavabında gərginliyin İran rəsmilərinin bəyanatları ilə başlandığını, təlimlərlə isə İrana etibarın azaldığını bildirib, diplomatik dillə əlaqələrin bərpa edilməsinin yol xəritəsini Tehrana təqdim etdi. Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə, İranın daxilində daşlar yerindən oynadı, qarşısı alınmayan proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü biruzə verəcək” /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password