Erve Renar kimdir? – Səudiyyə yığmasının baş məşqçisi barədə heyrətamiz həqiqətlər

 

Budəfəki mundialda Səudiyyə Ərəbistanı dünya çempionatı tarixinin ən böyük sürprizlərindən birini yaşayıb. C qrupunun açılışında çempionluğu hədəfləyən Argentina ilə qarşılaşan Yaxın Şərq komandası meydandan 2:1 hesablı qələbə ilə ayrılıb. Dünya çempionatına 36 oyunluq məğlubiyyətsizlik seriyası ilə yollanan Argentina bu məğlubiyyətlə İtaliyanın 37 oyunluq rekorduna ortaq olmaq şansını əldən verdi.

Bu qələbədə əsas diqqət Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renara yönəlib.

Erve Renar kimdir?

Futbolçu karyerasına müdafiəçi kimi başlayan fransız Erve Renar 29 yaşında dizindən aldığı zədəyə görə karyerasını bitirib. Bundan sonra zibilyığan kimi işə başlayıb.

“Fransanın “Draginyan” idman klubunda məşqçi diplomumu almağa çalışarkən həyat yoldaşımla mən təmizlik işləri ilə də məşğul olurduq. Mən hər səhər saat 3-də durub binalardakı zibil qutularını çıxarırdım. Haradan gəldiyimi bilirəm”, – deyə o, müsahibələrinin birində deyib.

Bir müddət sonra isə həyat yoldaşı ilə birlikdə təmizlik şirkəti qurub.

“Ağ köynəkli” məşqçi

Məşqçilik karyerasına Fransada həvəskar komandada başlayan Renarın Ərəbistan kimi komanda ilə Argentinaya qalib gələ bilməsi təsadüfi deyil. O, 2012-ci ildə Zambiya tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub, Kot-D`İvuarı 25 ildən sonra ilk dəfə Afrika çempionu edib.

2012-ci il Afrika Millətlər Kubokunun finalında Zambiyanın penaltilərlə kuboku qazanmasından sonra 12-ci dəqiqədə zədələnərək oyunu tərk edən Musondanı qələbəni qeyd edən oyunçuların yanına qədər qucağında daşıması unudulmaz anlardan biridir.

Oyun haqqında bir maraqlı fakt da Renarın bu matça ağ köynəklə çıxması və klubun 1/4-ə yüksəlməsindən sonra bu rəngin ona uğur gətirdiyinə inanmağa başlamasıdır. Həmin vaxtdan bəri illərdir ki, baş məşqçi oyunlara ancaq ağ köynəklə çıxır.

Renar müsahibələrinin birində həyatda bütün çətinliklərin öhdəsindən gəlməyində anasının böyük rolu olduğunu bildirib.

“Bəzi analar kimi oğlu ilə tək yaşayan, işləyən, iki işi olan və oğlunun yaxşı böyüməsi üçün hər şeyi edən bir ana idi. Mənim üçün hər şeyi etdi… Mənim indiki kimi olmağıma imkan verən tərbiyə verdi”, – deyə Renar bildirib.

Qeyd edək ki, Argentina üzərində qələbəyə görə Səudiyyə Ərəbistanı hər oyunçusuna 2,5 milyon avro verib. Ölkə üçün bu, dünya çempionatında dördüncü qələbədir. Səudiyyə kralı Argentina üzərində qələbə şərəfinə ölkədə istirahət günü elan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password