İlin sonuna qədər Sülh Müqaviləsi imzalanacaqmı?
Son günlərə qədər belə fikirlər səslənirdi ki, cari ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin addımlar atılacaq. Bu istiqamətdə bir müddət əvvələ kimi həm Qərb, həm Azərbaycan, həm də Ermənsitanda müəyyən optimist fikirlər yer almışdı. Belə ki, ilin sonunadək sülh müqaviləsi istiqamətində həlledici addımın atılacağına ümidlər böyük idi. Lakin Paşinyan başda olmaqla erməni rəsmilərinin son vaxtlar verdikləri sərsəm açıqlamalar 2022-ci ilin sonunadək sülh yolunda hansısa bir addımın atılacağına olan ümidləri puç etdi.
Politoloq İlqar Vəlizadənin dediyinə görə, Ermənistan tərəfi son addımları fonunda sülh müqaviləsi istiqamətində gedən proseslərə əngəl törətməyə çalışdığını ortaya qoyur:
“Müxtəlif bəhanələrlə bu sənədin mündəricatını dəyişdirməyə çalışır. İrəvan sülh müqaviləsi məsələsi müzakirə olunan kimi, hər zaman qeyri-ciddi, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini özündə ehtiva edən təkliflərlə çıxış edir. İrəvan hər zaman belə məqamlarda müxtəlif bəhanələrlə bu kimi sənədlərin imzalanmasını pozmaqda maraqlı olub. Bu isə son nəticədə sülh müqaviləsi üzrə danışıqlara mənfi təsir göstərir, onu yubadır. Görünən odur ki, Ermənistan həm də sözügedən sənədə ciddi sənəd kimi baxmır. Ona hansısa ümumi məzmunlu çərçivə sənədi kimi baxır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir”.
Politoloq İrəvanın tutduğu mövqe fonunda sülh müqaviləsi istiqamətində cari ilin sonunadək hər hansı bir nəticənin əldə olunacağını gözləmir:
“Bu fonda deyildiyinin əksinə olaraq, ilin sonuna qədər Bakı ilə İrəvan arasında hansısa sülh müqaviləsinin imzalanacağı barədə söylənilənlərin o qədər də doğru olmadığı qənaətindəyəm. İlin sonuna 40 günə yaxın vaxt qalır. Bu müddət ərzində belə yanaşma sərgiləməsi, ziddiyyətli yanaşmalarla Ermənistandan sülhə gələcəyini gözləmək mümkün deyil. Gözlənilirdi ki, noyabrda ölkə başçılarının Brüsseldə görüşü olacaq. Ancaq bu görüş də qeyri-müəyyən zamana təxirə salınıb. İkitərəfli İşçi Qrupun görüşü də təxirə salınıb. Bu mənada ilin axırına qədər sənədin imzalanacağını gözləmirəm”.
Qeyd edək ki, Paşinyanın sülh müqaviləsinin bağlanması üçün verdiyi təklifdə Azərbaycan qoşunları mövqeyini 2021-ci il mayın 11-dək mövcud olan ərazilərə doğru çəkməlidir.
Ardınca o, Bakını “Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə” başlamağa çağırıb./bizim.media