İran azərbaycanlıları casusluğa necə cəlb edir?
İranın Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə aldadaraq casusluq fəaliyyətinə cəlb etməsi gözlənilən idi. Dəfələrlə bu barədə ekspertlər səviyyəsində fikirlər səsləndirilmiş, mətbuatda açıq mənbələrə istinadən xəbərlər dərc olunmuşdu. Bildirilirdi ki, İran din pərdəsi altında inanclı şəxsləri öz ətrafına toplayaraq, Azərbaycan əleyhinə təbliğat aparır.
Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş casus şəbəkəsinin ifşa olunması deyilənləri təsdiqlədi. Məlum oldu ki, Azərbaycana üzdə dost deyib, əslində ölkəmizə düşmən kəsilən İran rəhbərliyi işğalçı Ermənistanın maraqlarına xidmət etməklə təhlükəli oyunlara əl atır.
İndi maraq doğuran əsas məqam İranın azərbaycanlıları casusluğa necə cəlb etməsidir.
Bəzi məlumatlara görə, təhsil almaq, müalicə olunmaq üçün İrana gedən Azərbaycan vətəndaşlarının bəziləri müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Kiminin sənədləri oğurlanır, kiminin isə ölkədən çıxışına qəsdən problemlər yaradılır. Bu şəxslər problemlərinin həlli qarşılığında əməkdaşlığa təhrik edilirlər. Lakin bəzi insanlar özləri də bilmədən xüsusi xidmət orqanlarının toruna düşürlər. Eləcə də şantaj və təzyiq yolu ilə casusluğa vadar edilənlərin də olması istisna deyil.
Məsələ ilə bağlı danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İran Azərbaycan vətəndaşlarını əsasən dini dəyərlərdən istifadə etməklə tələyə salır:
“İslam dininin ölkəmizdə düzgün təbliğ olunmaması insanlarda yanlış fikirlər yaradır. Məhz bu da İranın casus şəbəkəsinin Azərbaycana yol açmasına imkan verir. Əslində, İslamda şiə-sünni məsələsi yoxdur. Azərbaycanda da bu məsələyə fikir verilmir. Ancaq İran şiəlik siyasətini ixrac etməklə Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. Bu bədbəxt dövlətin ixrac edəcəyi başqa heç nə yoxdur”.
Politoloqun fikrincə, İranın Azərbaycana qonşu olması, vətəndaşlarımızın müxtəlif məqsədlərlə bu ölkəyə səfərlər etməsi Tehranın işini asanlaşdırır:
“Unutmayaq ki, İran ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır. İran həm onların bəzilərindən, həm də Azərbaycanda dini yaxşı bilməyən insanların olmasından yararlanır. Təəssüf ki, bir sıra Azərbaycan vətəndaşları iqtisadi səbəblərdən İranın çirkin siyasətinə boyun əyir. Onlar sosial vəziyyətlərini vətəni satmaqla düzəltməyə çalışırlar. Digər yandan Azərbaycanda tolerantlığın olması bizə müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, İran başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi iş aparır.
Mübarizə çərçivəsində media da müəyyən işlər görür. Lakin vaxtında İranın şantajlarına qarşı düzgün iş aparılsaydı, vəziyyət belə olmazdı. Biz daha çox aqressiv mövqedən çıxış edirik. Ancaq məsələləri insanlara mülayim şəkildə izah etməliyik. Artıq xain olan olub. Onsuz da, belə insanların xəyanətə meyli varmış. Biz indi digər vətəndaşlara yönəlməli, onlara İslamı düzgün izah etməliyik. Eyni zamanda gənclərimizə vətən sevgisini aşılamalıyıq ki, onlar İranın və digərlərinin şantaj şəbəkəsinin toruna düşməsinlər”.
C.Nuriyev vurğulayıb ki, İrana gedən insanlar əksər hallarda şantaja məruz qalırlar, bu da sonda həmin şəxslərin cinayət əməlinə əl atmasına gətirib çıxarır:
“İranın xüsusi xidmət orqanları əksər hallarda şantaj yolu ilə insanları öz mənfur niyyətlərinin icraçısına çevirir. Etiraf edək ki, Azərbaycanda kifayət qədər maliyyə ayrılmasına baxmayaraq, səhiyyə sahəsində vəziyyət yaxşı deyil. Xüsusilə də, özəl klinikalarda qiymətlər əl yandırır. Vətəndaşlar məcbur qalaraq İrana üz tuturlar. Orada qiymətlər bizdəkindən 3 dəfə aşağıdır. İranın qurumları savadsız və məlumatsız insanları yoldan çıxararaq, onları müxtəlif üsulla şantaj edir. Farslar əsasən gəncləri hədəf alırlar.
Çünki yaşlı insanlar onlara sərf etmir. Həmçinin gənclərin beynini yumaq daha asandır. Eyni zamanda, dini təhsil üçün gənclərimiz İrana üz tuturlar. Onlar əsasən Qum şəhərində təhsil alırlar. Onların beyinlərini yuyub, Azərbaycana göndərirlər. Qeyd etdiyimiz məqamlar, eləcə də digər nüanslar İranın casus şəbəkəsinin formalaşmasına gətirib çıxarır. Bəli, İran təhlükəli ölkədir və bizə qarşı rəsmən düşmən mövqedən çıxış edir. Ona görə də, ayıq-sayıq olmalıyıq”./moderm.az