“POLŞAYA DÜŞƏN RUSİYA RAKETLƏRİDİR…” – “Putin NATO-nu “silkələmək” qərarı verib”
“S-300” raketlərinin özünü məhvetmə funksiyası var. Onlar hədəfdən yayınanda bu funksiya işə düşür və onlar məhv edilir”.
Bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Ukraynaya qarşı növbəti raket hücumu zamanı Polşa ərazisinə raket düşməsi hadisəsini şərh edərkən deyib. Jdanov bununla da qeyd edib ki, Polşaya düşən raketlərin guya Ukraynaya aid “S-300”-lər olduğuna dair iddialar həqiqəti əks etdirmir.
Ukraynalı ekspert hesab edir ki, Polşaya düşən raketlər Ukraynaya aid “S-300” yox, Rusiyanın “X-101” raketləri olub. 13 milyon dollar qiyməti olan bu raketlər isə yüksək dəqiqlikliyi ilə seçilir. Deməli, Polşaya düşən raketlər hansısa təsadüf, yaxud yanlışlıq nəticəsində atıla bilməzdi: “İlk olaraq, Polşa jurnalistləri və hətta bu ölkənin Xarici İşlər Nazirliyi bunların “X-101” raketləri olduğunu bəyan etdilər. Onu da nəzərə alın ki, bir yox, iki raket atılıb. Bu raketlər yüksək dəqiqliyə malikdir və onların hədəfdən maksimum yayınma məsafəsi 20-30 metrdir, Polşada olduğu kimi, 6-7 kilometr yox. Niyə Polşanın radarları bu raketləri vura bilməyib? Ona görə ki, bunlar qanadlı raketlərdir, yer səthindən çox az yüksəklikdə və böyük sürətlə uçurlar. Onlar 6-7 kilometri bir neçə saniyədə qət etdikləri üçün Polşa hava hücumundan müdafiə sistemləri onları vurmağa macal tapmayıb”.
Jdanov hesab edir ki, bu zərbələr bilərəkdən Rusiya tərəfindəın bir NATO dövlətinə endirilən zərbələrdir: “Putinin məqsədi “stavkaları” qaldırmaq və NATO-nu “silkələmək”dir. “O, NATO-nu Rusiyaya qarşı sərt cavab verərək, təxribata çəkməyə çalışır. Belə ki, nə döyüş cəbhəsində uğur qazana bilir, nə də nüvə şantajı işə yarayır. İnfrastruktura vurulan zərbələr isə getdikcə effektivliyini itirir. Belədə, NATO işə qarışsa, artıq Rusiya Ukrayna ilə deyil, Şimal Alyansı ilə vuruşur kimi görünəcək. Nəticədə, danışıqlar masasına da ABŞ-la Rusiya oturacaq. Bu isə Ukraynanın “xırda pul” kimi xərclənəcəyi anlamı daşıyır”.
Ekspert hesab edir ki, ABŞ və NATO bilərəkdən Polşaya vurulan zərbəni Ukraynanın səhvi kimi təqdim edir ki, Rusiyanın bu planı baş tutmasın. Əvəzində, bu hadisə NATO-nun Ukraynaya daha güclü silahlar – uzun mənzilli raketlər və müasir HHM sistemləri verməsinə əsaslar yaradır. Bu baxımdan, ekspertin fikrincə, ABŞ-ın və NATO-nun mövqeyi Ukrayna üçün məqbul sayıla bilər.
Ancaq bununla yanaşı, qeyd edək ki, Ukrayna rəhbərliyi rəsmi qaydada Polşa tərəfindən və NATO-dan sözügedən raketlərin düşdüyü ərazidə araşdırma aparmaq üçün icazə istəyib. Belə ki, Ukrayna tərəfi həmin raketlərin Ukraynaya aidiyyatı barədə deyilənlərə şübhə ilə yanaşır və araşdırma aparılmasını tələb edir. Mütəxəssislər qeyd edirlər ki, raketlərin haradan atıldığı, trayektoriyası və kimə məxsus olduğunu aydınlaşdırmaq o qədər də çətin deyil və bunun üçün bir neçə gün kifayət edir.
Beləliklə, yaxın günlərdə bu məsələyə tam aydınlıq gələcəyi gözlənilir. Lakin indidən bir çox təhlilçilər eskalasiyanın artmasının qarşısını almaq üçün Qərbin bu hadisəni ört-basdır edəcəyi qənaətindədirlər.