Rusiya və İran hədəfdə – İngilis kəşfiyyatının şefindən kritik mesaj
Rusiyanın xaricdəki kəşfiyyat şəbəkəsinə ən güclü zərbə Ukraynaya qarşı müharibəsi zamanı vurulub.
Bunu Böyük Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib.
Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatı təqdim edən Makkallum bütün dünyada Rusiya səfirliklərinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.
“Rus kəşfiyyatına ən güclü strateji zərbə müasir Avropa tarixində vuruldu”, – kəşfiyyat rəhbəri qeyd edib.
Mİ-5 rəhbəri bildirib ki, təkcə Britaniyadan “diplomatik pərdə” arxasında işləyən 23 rusiyalı kəşfiyyatçı qovulub.
Bundan əlavə, Moskvanın vətənlərinə qayıdan diplomatları əvəz etmək niyyətində olduğu yüzdən çox rusiyalıya milli təhlükəsizlik səbəbi ilə diplomatik viza verilməyib.
“Bununla belə, arxayın ola bilmərik, yaxın illərdə Rusiyanın Böyük Britaniyaya qarşı açıq və ya gizli təcavüzünə hazır olmalıyıq”, – Makkallum deyib.
Onun sözlərinə görə, Rusiya Britaniyaya casuslar və kiberhücumlar şəklində gizli təhlükə yaratmaqda, həmçinin enerji daşıyıcılarının qiymətlərinin qəsdən artırılması və əhaliyə məqsədyönlü şəkildə dezinformasiya verilməsi formasında açıq təhlükə törətməkdə davam edəcək.
Həmçinin Makkallum ötən illərdə olduğu kimi Britaniyanın təhlükəsizliyinə təhdid yaradan ölkələr sırasında İran və Çinin də adını çəkib./teleqraf.com