Əliyevin Rusiyanın Vardanyan kartına cavabı, Avropa İttifaqının “mənə inanın” çağırışı

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyevin qəbulunda olması Azərbaycan-Ermənistan danışıqlarında Brüsselin öz moderatorluğuna inamı bərpa etmək məqsədləri daşıyır.

Fransa Avropa Birliyinin aparıcı üzvü olduğundan onun atdığı addımlar və Bakının maraqlarını İrəvana qurban vermək cəhdləri Brüssel formatını da zədələyir, hərçənd ki, Parisin qışqırıq səsləri onun İttifaqdan kənar Cənubi Qafqazda erməni kartı ilə oynamasına əsaslanır.

Ancaq səbəblərdən asılı olmayaraq Fransa Bakı-İrəvan danışıqlarının Brüssel üsuluna xələl gətirir və Bakının başqa formatlar axtarışına çıxması üçün əsaslar verir.

Avropa İttifaqı itirilmiş mövqelərinə geri qayıtmaq üçün səylər göstərir və əslində, Brüssel gündəmi Cənubi Qafqazdakı oyunçular üçün ən optimal variantdır.

Ona görə də İttifaq yenidən Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlar raundunu canlandırmaq niyyətlərini əyan edir və bir növ Əliyevə minnətçi düşür.

Hərçənd ki, nümayəndə heyətinin İrəvandan Bakıya gəlişi ilk baxışda dipomatik bitərəflik prinsipinə sadiqlik nümayişi kimi görünür, məsələnin orijinalında isə Brüssel Bakının könlünü almaq üçün səy göstərir.

Dirk Şuebelin İlham Əliyevlə görüşdə Ermənistan rəhbərliyindən sülh mesajları aldığını deməsi növbəti dəfə Avropa İttifaqının mərkəzində dayandığı sülh danışıqlarını davam etdirməyə çağırışdır.

Amma Azərbaycanla Ermənistanın sülhə dair təsəvvürləri bir-birindən fərqlənir, bu baxımdan Əliyev İrəvanın qeyri-səmimi olduğunu Şuebelin diqqətinə çatdırır.

Azərbaycanın sülh üçün şərtləri İrəvana ən ağır kapitulyasiya aktı kimi gələ bilər, lakin Bakı Ermənistanda revanşizmin baş qaldırmasını, ölkənin yenidən silahlanmasını perspektivdə genişmiqyaslı hərbi təxribatların siqnalı kimi görür. Ona görə də Bakı Ermənistana təzyiqlərini artırır və hərbi güc tətbiqini, maksimal olmasa da, müəyyən limitə qədər nümayiş etdirir və ya belə ssenarilərin proqnozunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bakı ilə razı olmayan tərəflər onun diqqətini sərhəddən kənara – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə yönəldirlər.

Bu işdə istər ABŞ, istər Fransa, istərsə də Rusiya canfəşanlıq göstərir, lakin hərəsinin öz strateji məntiqi var ki, bu da tərəflər arasındakı gərginliyi çoxaldır.

Rusiyanın masaya erməni amilini qoymasının və niyyətlərini Bakıya qarşı itiləməsinin səbəbləri Kremlin Qarabağdakı mübahisəli məsələlərin əbədi qalmasına nail olmaq məqsədlərinin göstəricisidir.

İlham Əliyev Dirk Şuebellə danışıqlarda Rusiyaya mesajını Moskvanın, eyni zamanda da ABŞ-nin ünvanına “sizin başqa planlarınızdan xəbərimiz var” kimi səslənən ritorika ilə qeyd etdi.

Rusiyanın əsas planı budur ki, gələcəkdə Qarabağda rus icmasını inşa etsin və sülhməramlılar regiondan çıxdıqdan sonra Moskva əlini həmin icma ilə gücləndirsin.

ABŞ isə Qarabağdakı ermənilərin hüquqlarını önə çəkir, Bakı Vaşinqtonun tezisləri ilə razılaşsa, bu, Azərbaycan üçün perspektivdə başağrısına çevrilə bilər.

Yəni həm ABŞ, həm də Rusiya Qarabağ erməniləri amilini özlərinin xarici siyasətlərində alət kimi saxlamaq siyasətini davam etdirmək istəyirlər.

Amma Azərbaycan da israrlıdır və Qarabağ mövzusunu daxili təhlükəsizlik prosedurlarının nüvəsində saxlamaq üçün ideyalarını mühafizə edir.

İlham Əliyevin mesajı da elə bu idi ki, erməni azlıqların hüquqlarının sülh sazişində təsbit olunması mümkün deyil, yəni həmin mövzu digər oyunçuların xarici siyasət prioritetlərindən çıxmalıdır.

İrəvanın istər sərhədlər, istərsə də Qarabağa dair ikimənalı mövqeyini saxlamaq cəhdləri digərlərinin əlinə fürsət tanımamalıdır və Əliyevin ismarışı bundan ibarətdir ki, gələcəkdə də Bakı həmin tezislərin reallaşmasına imkan verməyəcək.

Ermənistan hələ də həm Rusiyaya, həm də Qərbə bel bağlamağa davam edir, erməni milyarder Ruben Vardanyanın Xankəndiyə gəlişi də İrəvanı az da olsa ruhlandırır. Amma Vardanyan daha çox Rusiya kartıdır və o, Moskvanın planlarının icraçısıdır.

Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Nikol Paşinyanla deyil, məhz elə Qarabağ erməniləri ilə təmasları davam etdirməklə müzakirə etməkdə maraqlıdır.

İlham Əliyevdən sitat: “Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan, müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”.

Proqnozumuza gəlincə, Avropa İttifaqı moderatorluq qabiliyyətini yeni görüş təşkil etməklə bir daha göstərəcək.

Azərbaycan hazırda Rusiya ilə siyasi gərginlik mərhələsindədir, lakin Əliyev Kremli də yola gətirməyi bacaracaq və bu işdə Türkiyənin dəstəyindən yararlanacaq.

Rusiya isə Qarabağda erməni əhali hesabına rus icması yaratmaq planlarını başqa forma və ölçüdə göstərəcək, lakin Bakı ilə razılıq əsasında bu, Azərbaycanın təhlükəsizliyinə xələl gətirəcək həddə qədər inkişaf etməyəcək./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password