“Onların birgə əməkdaşlığı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra…”
Azərbaycanın 2020-ci ilin sonunda İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbəsindən sonra İran Azərbaycana qarşı uzun müddətdir davam edən diplomatik təxribatlarını, iqtisadi müharibəsini və təhdidlərini ikiqat artırıb. İranın Ermənistana dəstəyinin artması bu sahələrin hər birində özünü göstərir.
Bu barədə çərşənbə axşamı Kanada Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Robert M. Katlerin “Geopolitical Monitor” agentliyində dərc edilən məqaləsində deyilir.
Katler qeyd edir ki, diplomatik cəbhədə oktyabr ayında İran Zəngəzur dəhlizinin hissəsinin keçəcəyi Ermənistanın Sünik bölgəsindəki Kapan şəhərində konsulluq açıb.
“Ermənistan 2020-ci ilin noyabrında Azərbaycan və Rusiya ilə İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin bir hissəsinin tikintisini öhdəsinə götürüb. İran və Ermənistan hər şeyi elə təqdim etməyə çalışırlar ki, guya bu dəhliz əks-ərazi prinsipində olacaq, bu isə dövlət suverenliyinin pozulması olacaq, lakin Azərbaycanın daxilindəki və tez-tez analogiya ilə müqayisə edilən Laçın dəhlizi bunlardan heç biri deyil”, – deyə Katler bildirir.
Müəllif bildirir ki, iqtisadi cəbhədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Ermənistanla hərbi-sənaye əməkdaşlığını gücləndirir.
“İranın hərbi şirkətlərinin rəhbərləri ilin əvvəlindən Ermənistana səfər edir. Bu ilin əvvəlində İrəvanda İran İxrac İnvestisiya Mərkəzi yaradılanda İranın lazer və rabitə sistemləri və dron istehsalçıları orada yaxşı təmsil olunubkar. Sünik vilayəti qubernatorunun müavini Çinin İrəvandakı səfiri ilə görüşüb, hərbi-sənaye sektorunu istisna etmədən Çinin regiona birbaşa xarici sərmayə qoymasını alqışlayıb”, – deyə müəllif bildirib.
Məqalədə bildirilir ki, 2021-ci ilin sentyabrında İran Azərbaycanla növbədənkənar fövqəladə hərbi təlimlər keçirib.
“Bu ilin oktyabrında İran yenidən Azərbaycanla sərhəddə iri hərbi təlimlər keçirib, o cümlədən iki dövlət arasında sərhədin böyük hissəsinin keçdiyi Araz çayından keçid təlimdə işlənilib. Noyabrın 2-də Azərbaycan Müdafiə Nazirliyi sərhəd yaxınlığında müntəzəm hərbi təlimlərin başladığı barədə məlumat yayıb”, – deyə R.Katler bildirib.
Məqalədə qeyd olunur ki, bu ay İran xüsusi xidmət orqanları tərəfindən təlim keçən və maliyyələşdirilən Azərbaycan vətəndaşlarından ibarət qanunsuz silahlı dəstə ifşa edilib.
“Bundan az sonra Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Bakıda İranın kəşfiyyat şəbəkəsini ifşa edərək, onun təxribat xarakterli kəşfiyyat fəaliyyətini dayandırmaq üçün tədbirlər görüb”, – deyə R.Katler yazır.
Onun sözlərinə görə, bütün yuxarıda deyilənlərdən belə görünə bilər ki, İranın regionda təhrik etdiyi gərginliyin “qısamüddətli həlli” yoxdur.
“Qərb elitasının manipulyasiyası bu strategiyanın tərkib hissəsidir. Ermənistan da öz maraqlarını müdafiə edərək Qərbin hərəkətlərini puça çıxarmaq üçün öz diasporunu, xüsusən də Fransa və ABŞ-dakı diasporasını səfərbər edərək, “geri qalmır”, – deyə məqalədə bildirilir.
O vurğulayır ki, Ermənistan İranın müttəfiqidir və müstəqillik əldə etdikdən sonra son 30 ildə də müttəfiqi olub.
“Onların birgə əməkdaşlığı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra daha da intensivləşib. Vəziyyəti Tehran rejiminin illərdir İranı apardığı fəlakətli iqtisadi və siyasi uçurumun beynəlxalq aspektləri daha da mürəkkəbləşdirir. Bu uçurum bir neçə il əvvəl İİKK-nin ölkə üzərində tam nəzarəti ələ keçirməsi səbəbindən daha da dərinləşir”, – deyə məqalədə qeyd edilir.
R.Katler bildirir ki, rejim dəyişikliyi olmasa, İranın yaxın gələcəkdə təcavüzkar siyasətini dəyişməsi ehtimalı azdır.
“Təkcə öz elitasının bu siyasətə bu qədər qarışdığına görə yox, həm də ona görə ki, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi ilə Transxəzər ticarət yolu qurmasını istəmirlər”, – deyə R.Katler əlavə edib./trend.az