Mehriban Əliyeva niyə məhz indi imtina etdi? – Detallar

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb. O, 2004-cü ildən bu vəzifədə çalışır, beynəlxalq təşkilatın dəyər və prinsiplərini təbliğ edir. Bu illər ərzində Azərbaycan-UNESKO Etimad Fondu yaradılıb, Əliyeva mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə layihələrə şəxsən dəstək verib. Lakin son illərdə Bakı ilə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olmaq üçün nəzərdə tutulmuş, görməli yerləri Ümumdünya İrs Siyahısına daxil edən bu struktur arasında anlaşmazlıq getdikcə artır. UNESKO 30 ilə yaxın işğal dövründə Ermənistanın Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı törətdiyi vandalizmə heç bir reaksiya verməyib.

Bunu “Vestnik Kavkaza”nın analitiki Vera Andreyeva deyib.

“Azərbaycan ərazisinin 20%-nin işğalı illərində UNESKO 1954-cü il Haaqa Konvensiyasının müddəalarının pozulmasına, vandalizm aktlarına səssiz qalmış, baş verənlərə hüquqi qiymət verməkdən yayınmış, bu zaman müddətində isə dağıdılmış abidələrin, qəbirlərin, məscidlərin sayı artmışdır. UNESKO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktubda Mehriban Əliyeva diplomatik şəkildə izah edib ki, Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra o, regionda genişmiqyaslı bərpa işlərinə cəlb olunub və quruma lazımi diqqət ayırmağa imkanları yoxdur. Alt mətn aydın idi. Həqiqətən də, erməni millətçilərinin həm Qarabağın özündə, həm də Ermənistan ərazisində necə hərəkət etdiyinə dair çoxlu sayda foto və video sübutlar var, lakin indiyədək Azərbaycan abidələrinin dağıdılmasına görə bir nəfər də olsun Ermənistan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilməyib. UNESKO mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul olan təşkilat kimi erməni millətçilərinin cinayətlərinə göz yumur”, – o bildirib.

Analitik qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanın XİN-i və Ombudsman Aparatı dəfələrlə UNESKO-ya vandalizm faktlarını öyrənmək üçün regiona missiya göndərməyi təklif etsə də, nəticəsiz qalıb:

“UNESKO bu faktların araşdırılmasında maraqlı görünmürdü. Onlar başa düşürdülər ki, dağıdılmış, minalanmış Azərbaycan torpaqlarını görən istənilən mütəxəssis işğalçı rejimin cinayətlərinin tanınmasının lehinə çıxış edəcək. Bu gün deyirlər ki, UNESKO-nun Bakıya qarşı sərt mövqeyi həm də təşkilatın rəhbəri, 2015-ci ilə qədər Fransanın mədəniyyət və kommunikasiya naziri vəzifəsində çalışmış Odri Azulenin və bildiyiniz kimi, Parisin nüfuzlu nümayəndələrinin sayəsində şəxsi mövqeyi ilə bağlıdır. Onun hərəkətləri nəinki mübahisəli, hətta bəzən cinayət xarakterli görünürdü. Maraqlıdır ki, madam Azule düz beş il əvvəl – 2017-ci il noyabrın 15-də UNESKO-nun baş direktoru postunu tutub. Deməli, ola bilsin ki, Mehriban Əliyevanın məktubu məhz bu hadisə ilə eyni vaxta düşüb. Daha bir “təsadüf”: ötən gün Fransa Senatı Prezident Emmanuel Makron hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməyə baxır. Artıq Azərbaycan əsilli Fransa vətəndaşları “Biz ədalət tələb edirik!”, “Terrorçuluğa YOX!”, “Senat ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!” şüarları ilə Senatın binasına gəlib və qərəzli yanaşmasından narazılıqlarını bildiriblər. Əlbəttə, Azule indi Fransanı deyil, bütün dünya ictimaiyyətini təmsil edir, lakin bu, daha böyük məsuliyyətdir. Bəzi ekspertlər artıq UNESKO-nun hərəkətlərində (oxu: hərəkətsizliyində) bədxah niyyəti görüblər”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password