Tanınmış həkim, oftalmoloq, doktor Cahid Şahbazov Azərbaycanda ilk dəfə makuladistrofiya əməliyyatını uğurla həyata keçirib.
Bu barədə açıqlama verən həkim bildirib ki, indiyədək insanlara “Bu xəstəliyin müalicəsi yoxdur” cavabı verilib:
“Bu xəstəliyin tam müalicəsi olmasa da, FDA təsdiqli (Amerika Qida və Həb Mərkəzi – red.) cərrahi sağalma üsulu var. Müalicəsi yoxdur demək, bir növ qeyri-peşəkarlıq, laqeydlikdir. “Bunun müalicəsi var, amma məlumatımız yoxdur” və ya “bunun müalicəsi var, amma xaricdədir” demək daha doğru olar.
Bu gün ölkədə ilk dəfə dünyada mövcud və güvənilir olan FDA təsdiqli 3 cərrahi əməliyyat növünün ikisini icra etmənin qürurunu yaşayırıq. Bunlardan biri daha yaxşı görən amma makulyar distrofiyası olan xəstələr üçün “Eyemax-Mono” əməliyyatı, digəri isə görmə faizi daha aşağı olan xəstələr üçün “SML Shariott” linzalarıdır.
Bu əməliyyatı icra etdiyimiz xəstələrin tamamı həkim və ya həkim yaxınıdır. Eyni zamanda bu əməliyyata xarici ölkələrdən də ciddi tələbat var. Bəzi xəstəliklərin tam müalicəsi mümkün olmasa da, insanların həyatını və yaşam keyfiyyətini artıran cərrahi üsullar var.
Bu, hələ icra etdiyimiz dünya standartlarındakı yeniliklərdən sonuncusu deyil. Hələ 10-a yaxın dünyanın ən qabaqcıl klinikalarında icra olunan əməliyyat növlərimiz var, onları da mərhələli şəkildə təqdim edəcəyik.
Unutmayaq ki, müasir tibb cihazlardan, lazerlərdən, yəni, mühəndislik zehnindən çox şey asılıdır. Müasir həkim bunu inkar etməməlidir. Yerimizdə dayansaq, 3-4 il sonra zamanı geri qaytara bilməyəcəyik və zamandan çox geri qalacağıq. Bu gün dünyada mövcud olan bütün müasir müalicə üsulları mərkəzimizdə var. Biz bəzi şirkətlərlə onların rəhbərliyi səviyyəsində iş birliyindəyik. Yeni texnologiyalar dünyada o qədər nadir tətbiq olunur ki, onlar bizim təcrübəmizə istinad edir, fikrimizi soruşur”.
C.Şahbazov yeni planlarından da söz açıb:
“Çox böyük hədəflərim var, peşəmə dair böyük dəyişikliklərin olacağından, mükəmməl görmə mərkəzimizlə dünya səviyyəsində işlər görəcəyimizdən əminəm! Dünya ölkələrindən olan insanlar da bizim adımıza axışacaqlar! Öz xalqımıza təmənnasız xidmət göstərəcəyik!
Hazırda dünyanın ən müasir texnologiyaları ilə əməliyyatlar icra edirəm və təəssüf ki, bəzi texnologiyalar maddi olaraq əlçatmazdır. Çox yaxında bütün bunları təmənnasız etmək gücüm də olacaq, möhtəşəm işlər bizi gözləyir!”