Bakı Parisin bu planını pozub: Gizli faktlar… – Zülfüqarov detallı danışdı

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Fransa parlamentində Azərbaycan əleyhinə növbəti bədnam qətnamə qəbul edilib. Bu cür “qərarların” indiki şəraitdə sülh prosesinə, dövlətlər arası münasibətlərə təsirini necə qiymətləndirirsiniz?

– Bu qərarın Azərbaycan üçün heç bir hüquqi təsiri yoxdur. Bir çox ölkələrin təcrübəsinə uyğun olaraq parlamentlər xarici siyasətə uyğun bəyanatlar verə bilir. Ümumilikdə isə xarici siyasətin həyata keçirilməsi, formalaşması icraçı orqan tərəfindən müəyyənləşir. Fransa qanunvericiliyinə görə də bu belədir. İndiki halda Fransa hökuməti də Azərbaycana cavab verəcək ki, bu, sadəcə olaraq parlamentarilərin rəyidir. Amma ümumi mənada bu, Fransanın Azərbaycana qarşı siyasi təzyiqidir. Əslində balanlaşmış bir yanaşma deyil, burada qatı ermənipərəst bir mövqe var. Ənənəvi Fransa siyasətinin mahiyyətinə uyğun atılan addımdır. Ona görə də burada təzə bir şey yoxdur.

– Bu yanaşma Azərbaycan üçün hansı əsaslar yaradacaq?

– İndi Azərbaycan üçün yeni bir əsaslar yaranıb. Biz ümumiyyətlə, Fransanın istənilən təşəbbüsündən imtina etməliyik. Ölkəmiz Fransadan gələn bütün təşəbbüslərə öncədən rədd cavabı verməlidir. Sadəcə olaraq bunun müsbət cəhəti ondan ibarətdir ki, Fransa ilə bağlı illuziyalar da sıradan çıxmış olacaq.

– Avropa İttifaqı səviyyəsində aparılan danışıqlara, Brüssel və Praqa prosesinə Fransanın hazırkı mövqeyinin təsiri necə olacaq?

– Fransa Avropa İttifaqının xarici siyasətində dominantlıq etmək niyyətindədir. Breksitdən sonra Böyük Britaniyanın Avropa İttifaqından getməsi ilə belə bir vəziyyət yaranıb. Ona görə də, Fransa burada öz dominantlığını saxlamaq istəyir. Bu baxımdan proseslərin davamında Brüssel formatında Avropa İttifaqının ancaq texniki yardım imkanlarından istifadə oluna bilər. Onların bəyan etdiyi kimi kommunikasiyaların bərpasında hansısa texniki bir dəstəyin olması mümkündür. Bundan sonra Fransanı aparılacaq siyasi danışıqlara yaxın buraxmaq düzgün olmaz. Çünki burada balanslı bir mövqe yoxdur. Praqa görüşündən 3-4 gün sonra Emmanuel Makron elə bəyanatlar verdi ki, az qala diplomatik böhran yaransın. Bu baxımdan da birmənalı olaraq Fransa, ümumiyyətlə, bu məsələdən uzaq tutulmalıdır. Avropa İttifaqı prosesə texniki və hümanitar yardım etmək istəyirsə, ona bu məsələdə icazə vermək olar. Ona görə də, biz bu istiqamətdə daha qəti mövqe sərgiləməliyik.

– Fransa prezidentinin Praqa görüşündən sonra Ermənistanla bağlı bəyanatlarının mahiyyəti nədən ibarət idi?

– Makronun bəyanatlarına görə, guya Ermənistan bu regionda həmişə tolerantlığı müdafiə edib. Ermənistanın tolerantlığı necə müdafiə etdiyini 30 ildə bütün dünya görüb. Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə aparıb. Bunları görməyə-görməyə Makron belə bəyanatlar verib. Ona görə də, bütün bu yanaşmalar anti-Azərbaycan mövqeyində formalaşan hallardır.

– Azərbaycana qarşı bu münasibətlərin kökündə hansı amillər dayanıb? Coğrafi baxımdan Fransa və digərlərindən uzaq bir Qafqaz ölkəsi niyə bu qədər diqqəti cəlb edir?

– Bu cür hadisələr bir daha sübut edir ki, 2020-ci ilin sentyabrın 27-dən sonra əldə etdiyimiz nailiyyətlər hamı üçün gözlənilməz olub. Bu, Azərbaycanın böyük bir uğuru idi. Bununla başqaları tərəfindən cızılan bütün planları pozmuşuq. İndiki halda onlar real vəziyyəti qəbul etmək istəmirlər. Bunu da başa düşmək lazımdır. Ona görə də, burada açıq qısqanclıq mövcuddur. Azərbaycan buna nail oldu və ərazi bütövlüyünü bərpa etdi. Yerdə qalan məsələləri həll etmək üçün də real zəmin yarandı. Artıq heç kəsin şübhəsi yoxdur ki, Azərbaycan öz məqsədlərinə nail olacaq. Azərbaycan ordusu öz gücü ilə torpaqlarımızı azad etdi. Bir dövlət olaraq buna qadir olduğumuzu bütün dünyaya sübut etdik. Məhz indiki halda Fransa kimi dövlətlərin yanaşması bir daha isbat edir ki, onların Azərbaycana qarşı necə planları olub. Onlar bizim dövlətçiliyimizi məhv etmək istəyirdilər. Bu, təkcə Fransanın münasibəti deyil. Digər ölkələrdən də, bu cür münasibət var idi. Bizi özlərinə dost adlandıran prosesdə vasitəçilik edənlərin də belə niyyəti olub. /teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password