Ağ Ev Tehran-İrəvan dostluğuna göz yumur – İlginc səbəblər

 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bir neçə gün əvvəl Tehranın  Azərbaycana qarşı artan təhdidedici bəyanatları ilə bağlı bildirib ki, İran bölgə üçün çox təhlükəlidir:

“Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda, bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”. Rəsmi Bakı ABŞ-ın liderliyi ilə keçirilən beynəlxalq aksiyalara, habelə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə dövlət maraqları baxımdan yanaşaraq dəstəkləyib. İranda on milyonlarla Azərbaycan türkünün olmasına baxmayaraq, rəsmi Bakı beynəlxalq ictimaiyyətin Tehran hakimiyyətinə qarşı çağırışlarına laqeyd qalmayıb. Bu baxımdan Ned Praysın “tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik” deməsi də təsadüfi deyil.

ABŞ-ın Ermənistanla İranın münasibətlərinə göz yumması isə regional təhlükəsizliyi təhdiddir. Çünki hər iki dövlət ABŞ-ın müttəfiqləri – Türkiyə və Azərbaycana qarşı dost olmayan, ən yaxşı halda isə rəqib mövqedə durub. Bu baxımdan, Ermənistanın İrana doğru istiqamətlənməsinə şərait yaradılması həm də ziyanlıdır. ABŞ İranın neft və təbii qaz sahəsinə sanksiya tətbiq edib. Ondan təbii qaz və neft satın almaq Tehrandakı rejimin möhkəmlənməsinə maddi dəstəkdir. İran Prezidenti İbrahim Rəisinin sözlərinə görə, 2022-ci ilin yanvar-avqust aylarında iki dövlət arasında ticarət dövriyyəsi 43 faiz artaraq 427 milyon dollar təşkil edib. Ötən il bu göstərici 700 milyon dollara yaxın olub. Tərəflər ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəflədiklərini bildiriblər. Bəs İranı regional təhlükə elan edən ABŞ İrəvan-Tehran dostluğuna niyə göz yumur, niyə Ermənistanı sanksiyalarla hədələmir?

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanın dünyada terrorizmi dəstəkləyən bir dövlətlə bu qədər yaxın münasibətlər qurmasına nə üçün göz yumur sualına cavab həm sadə və həm də olduqca mürəkkəbdir: “Çünki ortada bir çox müəmmalar var. Heç şübhəsiz, ABŞ administrasiyasına və onun Senatına bu ölkədəki erməni lobbisinin təsiri yetərlidir. Erməni lobbisinin Birləşmiş Ştatlarda Ermənistanla bağlı təkidlə qaldırdıqları əsas məsələlərdən biri də guya Ermənistanın Türkiyə və Azərbaycanın əhatəsində blokada şəraitində yaşamasıdır. Ermənilər ABŞ-da açıq bəyan edirlər ki, İran olmasa, Ermənistan batar. Ermənilər demək olar ki, uzun illər ərzində bu məsələnin ABŞ rəhbərliklərinin və Senat üzvlərinin şüuraltına yerləşməsinə nail olublar. Təbii ki, belə olan halda Birləşmiş Ştatlar Ermənistanın İranla əlaqələrinə “blokada şəraitində boğulan” Ermənistan üçün bir nəfəslik kimi baxır və bu səbəbdən də həmin əlaqələrin mövcudluğuna və genişlənməsinə göz yumur. Digər tərəfdən, ABŞ administrasiyası yaxşı bilir ki, İran problemi tezliklə çözüləcək və bu səbəbdən də Ermənistan-İran əlaqələri məsələsində hələlik gözləmə mövqeyi tutur”.

Fikrət Yusifovun sözlərinə görə, digər səbəb ABŞ-İran münasibətlərinin müəmma doğuran astar üzüdür: “Baxın, illərdir ABŞ-ın və Avropa Birliyi ölkələrinin ciddi sanksiyaları altında “inildəyən” İran necə olur ki, dəyəri çox ucuz, döyüş effektivliyi isə çox yüksək olan dronlar istehsal edə bilir? Axı bu texnikanın mühüm komponentlərinin İranda istehsalı mümkün deyil. Belə olan halda İrana qarşı tətbiq olunan sanksiyaların gerçəkliyi şübhə doğurur. Başqa bir məsələ İran molla hakimiyyətinin başında duran şəxslərin ABŞ-da ciddi yatırımlarının olmasıdır. Bu mollaların övladları ABŞ-da yüksək həyat tərzi sürürlər. İranda qazanılan pullar ABŞ-da xərclənir. Bütün bunlar düşündürücüdür və bu səbəbdən ortada cavabsız suallar çoxdur”.

Ekspert qeyd etdi ki, Ermənistan-İran əlaqələrinin bu qədər geniş bir formada mövcudluğunun kökləri çox dərinə gedir: “Sual olunur: nə üçün bir əli ilə Qərbin yaxasından yapışmış Ermənistan dünyada terrorizmi dəstəkləyən, dünya nizamına qarşı molla təfəkkürünə söykənmiş “oyun qaydalarını” ortaya qoymağa çalışan İran rejimi ilə bu qədər yaxın münasibətlər qura bilir? İran hakimiyyətinin erməni sevgisinin kökləri əslində olduqca dərinlərə gedir. Bəzi tarixçilər farslarla ermənilərin gerçək olaraq eyni kökə mənsub olduqlarını deyirlər. Onların fərqli dinlərə mənsub olması hər iki toplumun tarixdə keçdikləri fərqli yollarla izah oluna bilər. Reallıq isə budur ki, biz nə qədər görməzdən gəlsək də ermənilərlə farsların kökləri birdir. Fars dövlətinin başında duranlar heç də əbəs yerə “ermənilər bizim qardaşlarımızdır” demirlər. Ermənilər həqiqətən də onların qardaşlarıdır. Tarixdə müxtəlif dinə sahib olan eyni köklü xalqlar mövcuddur və bu, yenilik deyil. Məsələn, xristian türklər və ya müsəlman ermənilər yoxdurmu? Bu gün Türkiyədə 400 mindən çox müsəlman erməni yaşayır. Lakin onlar mahiyyət etibarilə xristian ermənilərdən heç nə ilə fərqlənmirləır və yeri gələndə istənilən xristian ermənidən daha çox erməni ola bilirlər. Bütün bunları söyləməklə onu demək istəyirəm ki, İslam aləmi İranı müsəlman dövləti kimi görsə də, onu İslam dəyərlərindən uzaq, ilk növbədə müsəlmanların qanını tökən və hər zaman buna daha çox hazır olan bir dövlət kimi dəyərləndirməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password