Xovayev Paşinyanla görüşür, Blinken zəng edir…

 

Sözsüz ki, hazırda xoşagəlməyən, hətta müəyyən qədər təhlükəli hadisələr baş verir. Məqsəd isə Xankəndi və ətrafında yaşayan ermənilərə hansısa bir status qazandırmaqdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvana səfəri və ABŞ Dövlət katibi Entoni Blinkenin Paşinyanla telefon danışığını şərh edən professor Qabil Hüseynli deyib.

Professorun sözlərinə görə, sülh danışıqlarında vasitəçi qismində iştirak edən tərəflər arasında ən destruktiv mövqe Rusiyanındır:

“İndiki məqamda Rusiyanın irəli sürdüyü təkliflər daha qəbuledilməzdir. Rəsmi Moskva Qarabağın statusu məsələsinin təxirə salınmasını və qarşıdakı illərdə yenidən gündəmə gətirilməsini təklif edir, həmçinin sülhməramlıların ölkəmizdə qalma müddətini hətta 20 ilədək artırmağa çalışır. Beləliklə, Rusiyanın bəhs etdiyimiz məsələdə mövqeyi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, separatçıları dəstəkləmək və onları silahlandırmaqdan ibarətdir. Son günlər üzə çıxan hadisələr bir daha onu göstərir ki, Rusiya həm Gümrüdəki 102-ci hərbi baza vasitəsilə, həm də hava yolu ilə İran ərazisindən keçməklə Ermənistanı və separatçıları silahlandırır. Separatçı tör-töküntülərin “baş nazir”i kimi təqdim olunan Ruben Vardanyan isə daimi şəkildə Moskva ilə əlaqədədir və oradan aldığı təlimatları hətta Araik Arutyunyanın başının üzərindən həyata keçirir. Tez-tez sülhdən dəm vuran Paşinyan isə verdiyi yalan bəyanatlarla sülh prosesini zədələmək, vaxtı uzatmaq və “status” məsələsini yenidən diriltmək üçün beynəlxalq ictimaiyyəti hərəkətə gətirmək məqsədi güdür. Bunu reallaşdırmaq üçün ABŞ-ı da prosesə qoşmaq istəyirlər. ABŞ-ın “status” məsələsində qəti mövqeyinin nə olacağını indidən demək mümkün deyil. Çünki Vaşinqton həm ərazi bütövlüyündən, həm də Qarabağdakı ermənilərin statusundan bəhs edir. Mən ABŞ-ın Rusiya qədər pozucu və mərkəzdənqaçma meyillərini şirnikləndirən addımlar atacağına inanmıram. Fikrimcə, Qarabağ məsələsində Avropa Birliyinin mövqeyi daha məntiqlidir. Çünki AB çərçivəsində aparılan danışıqlarda və qəbul olunan bəyanatlarda sülh üçün danışıqların davam etdirilməsinin vacibliyi qeyd edilir, lakin “status” məsələsi heç bir halda gündəmə gətirilmir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password