Bu, ağlasığmazdır, hərəkətə keçməliyik – Ekspert
“Microsoft Azerbaijan” bağlanır. Bəli, ağlasığmaz olsa da, bu, belədir. Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektoru ilə bağlı məlumatı belə qüssəli ovqatda yazıram. Dünyanın nəhəngi, uzun illər Azərbaycanda öz ab-havası ilə İT mühitə güvənlik və güc verən “Microsoft” şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir”.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətlərini dayandırıblar:
“Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, “Microsoft”un Azərbaycandan gedişini təsəvvür belə etməzdim. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər, dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi ağlasığmazdır”.
O.Gündüzün sözlərinə görə, ümumiyyətlə, son illərdə “Microsoft” daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı:
“Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s.) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında “Microsoft” həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn, İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s. Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, “Microsoft”un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Üzüntülü olsa da, hazırda reallıq belədir”.
Ekspert qeyd edib ki, hələ gec deyil:
“Bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə “Microsoft”u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olar. Düzü, heç özüm də bilmirəm, bundan sonra “Microsoft”u qaytarmaq mümkün olacaqmı. Baş verənlərə çox təəssüf edirəm.
Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti, İT biznesi üçün düşündürücü olmalıdır. Yəni burada söhbət hansısa bir “Vindovs”a lisenziya almaqdan getmir, söhbət “Microsoft” kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir”. /globalinfo.az