Azərbaycanlı rejissorun filmi “Oskar”a namizəd oldu
Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) bədii-sənədli filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatının namizədlər siyahısına daxil edilib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnamə” kinostudiyasında lentə alınan ekran işi Azərbaycan memarlıq sənətinin görkəmli nümayəndələri Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirəsinə həsr edilib. Memarların yaradıcılığı fonunda filmdə kommunist-bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsiri də təsvir edilib.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri isə Nazim Hüseynovdur.
“Yaradanlar” filmi bu ilin əvvəlində ABŞ, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında iştirak edərək uğur qazanıb.
Qeyd edək ki, “Yaradanlar” rejissor Şamil Əliyevin “Oskar” nominasiyası üzrə namizəd olan ikinci ekran əsəridir. Bundan əvvəl o, 2012-ci ildə lentə alınan “Çölçü” (“Steppe man”) filmiylə bu ödülə namizəd olmuşdu.