Türkmənistan da Rusiyadan üz döndərir – Moskvaya qarşı sürpriz gediş
ABŞ-ın Mərkəzi Asiya ölkələrinə artan marağı Rusiya və Çini narahat etməyə başlayıb.
Bu barədə Təhlildə bölgə ətrafında gedən son geosiyasi gəlişmələrə diqqət çəkilir:
“ABŞ-ın Mərkəzi Asiya ölkələrinə marağı artıb. Dövlət katibinin köməkçisi Donald Lunun noyabrın 11-də Türkmənistan, Özbəkistan və Qazaxıstana səfəri bu maraqdan irəli gəlir. Lu deyib ki, Rusiyaya qarşı sanksiyaların Türkmənistana təsir etməməsi üçün Vaşinqton Aşqabada kömək edəcək.
Vaşinqtonun kömək vədinin yerinə yetirilməsi Mərkəzi Asiya ölkələri üçün önəmlidir. Çünki Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sərt sanksiyalarının Mərkəzi Asiya ölkələrinə də mənfi təsirlər var.
Qazaxıstan bu təsirləri minimuma endirməyə çalışır. Məsələn, Rusiyanın Qazaxıstandakı “Sberbank” və “Alfabank”ı yerli sahibkarlara satıldı. Vaşinqton bu sövdələşməni təqdir edib.
Vaşinqton bildirib ki, Türkmənistan da zərərlə üzləşməyəcək. Önəmli olan Türkmənistanın Rusiya ilə bank əməliyyatlarını minimuma endirməkdir. ABŞ Türkmənistana Rusiyadan bank asılılığını azaltmaq 7 milyon dollar ayırıb.
Donald Lu mətbuat konfransında deyib ki, Vaşinqtonun məqsədi Mərkəzi Asiya ölkələrini Rusiya ilə münasibətlrdən tamamilə qoparmaq deyil: “Rusiyanın bölgə ölkələri ilə ənənəvi əlaqələri var. Buna baxmayaraq, bölgə ölkələri Rusiyadan asılı olmamalıdır”.
Mərkəzin ekspertlərinin fikrincə, ABŞ rəsmisinin Mərkəzi Asiya ölkələrinə səfəri və orada verdiyi açıqlamalar Moskva ilə yanaşı, Pekini də narahat edir:
“Rusiya ilə yanaşı, Mərkəzi Asiya ölkələrinə ən çox yatırım qoyan ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələri ilə əlaqələri xarici siyasətinin əsas istiqamətlərindən biri sayır. Pekin şübhələnir ki, Vaşinqton region ölkələrinin Çindən asılılığını azaltmaq istəyir. Ancaq bu, Vaşinqtonun imkanı xaricindədir. Çünki Çinin bu ölkələrdə milyardlarla dollar yatırımı ilə yanaşı, icra etdiyi ortaq layihələri də var.
Mərkəzi Asiya ölkələri bu layihələrdən imtina etməyəcəklər. Ancaq bölgə dövlətlərinin iqtisadi zəmində Çindən artan asılılığı Rusiyadan olan asılılıqdan daha təhlükəlidir”.