Səfirimizə nota verildi: Bu ölkəyə getməyin!
İran-Azərbaycan münasibətlərinin hazırki gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinə ara verməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilməsi təsadüf deyil:
“Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir”.