“Onlar dəqiq davransaydılar, indi mən yox idim…” – Ərdoğandan şok sözlər
FETÖ lideri Fəthullah Güləni ABŞ və onun Prezidenti Co Bayden gizlədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda keçirilən sammiti çərçivəsində üzv dövlətlərin liderləri ilə FETÖ ilə mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb:
“Bu liderlərlə hər dəfə bir araya gələndə terrorla, PKK/PYD/YPG, FETÖ və İŞİD-lə mübarizə mövzusunu xatırladırıq. FETÖ ilə bağlı “bizdə var” demirlər. Həmişə deyirlər ki, təmizləmişik, təmizləyirik. Qırğızıstan, Özbəkistan və Qazaxıstanla eyni şeyi danışdıq. Soruşdum ki, bu məsələ ilə bağlı mübarizəniz hansı mərhələdədir? FETÖ ilə mübarizədə müəyyən irəliləyiş əldə edə bildinizmi? Deyirsiniz ki, yoxdur, amma təəssüf ki, bizdə olan kəşfiyyat məlumatlarına görə, hətta sizin dövlət qurumlarınızda belə onlardan var.
Ondda sizə deyəcək bircə sözüm var: sizin kəşfiyyat xidmətlərinizlə bizim kəşfiyyat xidmətlərimiz bir yerdə işləsinlər, əgər doğrudan da təmizlənibsə, eybi yoxdur, siz də rahat olun, biz də. Ancaq bilin ki, bunlar sizin üçün böyük təhlükələr və təhdidlərdir.
Məsələn, dünən liderlərdən biri mənə dedi ki, siz buna bu qədər diqqət yetirdiyiniz halda mən hələ də FETÖ-nün nə olduğunu bilmirəm. Budur, təəssüf ki, mənbələriniz sizə yanlış məlumat verirlər. Bu alçaqların və vicdansızların nə olduğunu başa düşə bilmirsiniz, çünki sizə yanlış məlumat verirlər”.
Türkiyə lideri FETÖ-nün 2016-cı il iyulun 15-də ölkəsində dövlət çevrilişinə cəhdinə də diqqət çəkib:
“Baxın, bizdə 15 iyul hadisələri baş verdi və təəssüf ki, 252 şəhidimiz oldu. Bundan başqa, 2000-dən çox vətəndaşımız həm hərbçi, həm də mülki vətəndaş yaralandı, qazi oldu. Bütün bunları yaşadıq. Demokratiyanın mərkəzi olan parlamentimizi bombaladılar. Nə ilə? Bu ölkənin, bu dövlətin, bu ordunun təyyarələri ilə… Helikopterlərlə vurdular. Əgər o zaman dədiq olsaydılar, bəlkə də mən bu gün olmazdım. İki cangüdənim şəhid oldu.
İndi onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana qaçırlar, Avropaya qaçırlar. Almaniya, Fransa, Hollandiya, Danimarka, İngiltərə və Amerikada yaşayırlar. Və bu adamı (FETÖ lideri Fəthullah Güləni) Amerika gizlədir. Kim gizlədir? Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız ki, terrorun mərkəzi haradadır, mən sizə bunları deyərəm”./teleqraf.com