Duqin “çarı” öldürməyə çağırır… – “Rus dünyası”nın ideoloqu da Putini ittiham etdi

 

Rus millətçiliyinin, şovinizmin və işğalçılığın təbliğatçısı olan “filosof” Kremli nüvə silahından istifadəyə çağırır

“Rus dünyası”nın ən aparıcı ideoloqlarından biri, rus filosofu və təbliğatçısı kimi tanınan Aleksandr Duqin rus ordusunun Xersondan qaçmasına kəskin reaksiya verib.

Növbəti böyük hərbi məğlubiyyətə görə Rusiya hakimiyyətini günahlandıran Duqin Xersonun təhvil verilməsini “Armageddona doğru addım” adlandırıb: ”Bu, satqınlıq deyil, Armageddona doğru atılan addımdır… Hakimiyyət. Buna görə hakimiyyət məsuliyyət daşıyır… Biz hökumətə tam hakimiyyət veririk, o isə bizim hamımızı – xalqı, dövləti, insanları böhran vəziyyətində xilas edir. Əgər bunun üçün o, özünü natəmizliklərlə əhatə edirsə, sosial ədalətə tüpürürsə, bu, xoşagələn deyil. Ancaq təki, xilas etsin. Bəs, xilas etmirsə? O zaman “yağışlar Çarı”nın taleyi (onu gözləyir)…”

Duqin “yağışlar Çarının taleyi” deyərkən, qədim Afrika qəbilələrində quraqlıq dövrlərində “yağış gətirə bilməyən” qəbilə başçısının qətlə yetirilməsini nəzərdə tutub. Bu barədə tanınmış antropoloq Ceyms Frezerin “Qızıl budaq” kitabında geniş söz açılır.

“Rus dünyası”nın ideoloqu bununla da Xersonda və ümumilikdə Ukraynadakı məğlubiyyətə görə heç kimin yox, məhz Putinin məsuliyyət daşıdığını vurğulayaraq, onu Afrika qəbilələrinin başçılarının taleyi gözlədiyinə eyham vurub. Duqin Ukraynadakı rus qoşunlarının komandanı Sergey Surovikininsə texniki vəzifə daşıdığını bildirib və ona qarşı hər hansı ittihamın yersiz olduğunu deyib.

Bir çoxlarının “Putinin filosofu” adlandırdıqları Duqin gözlənilmədən Putin hakimiyyətini tənqid edərək deyib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu ideologiyanın gücləndirilməsidir.

O, bildirib ki, heç bir siyasi texnologiya kömək etməyəcək: Çünki Rusiyadakı hakimiyyət artıq heç nəyə qadir deyil. Sonuncu resurs ideologiyadır – reallığın üsyanından ölümcül dərəcədə qorxan Prezident Administrasiyasının yeritmək istədiyi feyk yox, gerçək ideologiya! Rus ideyası! Çünki Rusiyanın bu savaşda qalib gəlmək üçün texniki imkanları artıq yoxdur…”

Rus millətçiliyinin, şovinizmin və işğalçılığın təbliğatçısı olan bu “filosof” bildirib ki, Rusiya Qərb qarşısında məğlub ola bilməz və onun əlindəki son vasitə nüvə silahıdır.

Artıq Duqinin bu çağırışları bir çox təhlilçilər tərəfindən “Rus dünyası” tərəfdarlarının, hakimiyyətdəki və onun ətrafındakı radikal qüvvələrin Putinə qarşı üsyanı kimi qiymətləndirilir. Beləliklə, tarixən mövcud olan “rus xalqı Rusiya Çarına hər şeyi bağışlayır, hərbi məğlubiyyətdən başqa” anlayışı bu günün reallıqları çərçivəsində xeyli aktuallaşır.

Duqinə gəlincə, qeyd edilməlidir ki, o, hər nə qədər primitiv və avantürist nəzəriyyələr müəllifi olsa da, “Rus dünyası” ideologiyası daşıyıcılarının əsas istinad fiqurlarından biri sayılır.

Tanınmış amerikalı siyasi ekspert Glenn Beck Duqini “dünyanın ən təhlükəli adamlarından biri” adlandırıb. Məşhur Avrasiya İttifaqı nəzəriyyəsi də Duqinin “məhsulu”dur. 

Onun nəzəriyyəsinə görə, müasir dövrün bütün siyasi sistemlərindən birincisi liberal demokratiya, ikincisi marksizm, üçüncüsü faşizmdir. Onun ideyası Rusiyanı və keçmiş sovet respublikalarını yeni Avrasiya birliyində birləşdirərək “Avrasiya super dövləti”nin yaradılmasını nəzərdə tutur. Bu fikrə görə, digər dövlətlər sonradan birliyə qoşulmalı və beynəlxalq qərar mərkəzi, iqtisadi və siyasi təzyiq qüvvəsi yaradılmalıdır./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password