Avropa qaçqın böhranına hazırlaşır – 1 milyona yaxın insan…
Şərqi Avropa ölkələri bu qış ukraynalı qaçqınların yeni axınına hazırlaşır. Slovakiya hesab edir ki, Ukraynadakı aşağı temperatur və enerji böhranı səbəbindən yaxın aylarda yüz minlərlə insan ölkəyə gələ bilər.
Bu barədə “Röyter” agentliyi yerli rəsmilərə istinadən xəbər verib.
Mövzu ilə bağlı hazırlanan hesabatda Slovakiya hökumətinin bu qış təxminən 700 min qaçqının ölkəyə girəcəyini proqnozlaşdırdığı bildirilir.
Hesabatda qeyd olunub ki, Ukraynada çox sayda məcburi köçkün hazırda müvəqqəti olaraq qış üçün uyğun olmayan şəraitdə yerləşdirilib.
Avropa ölkələri yeni qaçqın böhranına hazırlaşmaq üçün qəbul mərkəzləri açıb və məhsul ehtiyatı yığır.
Macarıstanda, son həftələrdə Zahony qəsəbəsindəki sərhəd qatar stansiyasına gündə təxminən 300-500 adam gəlir. Macarıstan İslahat Kilsəsinə Yardım xeyriyyə təşkilatının sözçüsü Zsofiya Dobis-Lucski faktı təsdiq edib.
Polşanın Przemysl şəhərinin rəsmisi Vitold Volczyk bildirib ki, yerli hakimiyyət orqanları potensial olaraq çətin qışa və yeni qaçqın dalğasına hazırlaşmalıdırlar: “Biz daim gigiyena məhsulları və qida ehtiyatı saxlayırıq”.
BMT-nin məlumatlarına görə, hazırda Avropada 4,5 milyona yaxın qaçqın müxtəlif milli müdafiə proqramları çərçivəsində qeydiyyatdadır və 7 milyona yaxın qaçqın Ukraynada məcburi köçkün vəziyyətindədir.
Oktyabrın sonunda Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk qaçan həmvətənlərini elektrik şəbəkəsindəki gərginliyi azaltmaq üçün yaza qədər evlərinə qayıtmamağa çağırıb.