İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

 

2022-ci ilin 2 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Bazar günü Universitetdən bildirilib ki, Konfransın açılışında çıxış edən Təhsil fakültəsinin dekanı Nizami Zeynalov İrəvan Müəllimlər Seminariyasının təhsilin inkişafına, elmi, ədəbi və mədəni mühitin zənginləşməsinə əvəzsiz töhfələr verdiyini qeyd edib. Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə müasir dünyagörüşünə malik milli müəllim kadrları hazırlayan Seminariyanın yubileyinin respublika səviyyəsində qeyd edilməsi mühüm tarixi və siyasi əhəmiyyət daşıyır.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev vaxtilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında dünyəvi təhsil verən belə bir yeni tipli məktəbin açılmasının önəmindən danışıb. Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi xidməti olmuş bu təhsil ocağının 40 ilə yaxın fəaliyyət dövrünün öyrənilməsi və təbliğinin zəruriliyindən bəhs edən şöbə müdiri konfransın əhəmiyyətini vurğulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimlərindən Mətanət Yusifova “XIX əsrin sonları-XX əsrin əvvəllərində Cənubi Qafqazda tarixi şərait”, Gülər Əjdərzadə “İrəvan Müəllimlər Seminariyasının yaradılması zərurəti”, Ülviyyə Verdiyeva “Azərbaycan təhsil tarixində İrəvan Müəllimlər Seminariyasının rolu və əhəmiyyəti”, Mirzə Cavadov “İrəvan Müəllimlər Seminariyasının məzunları”, Tahirə Quliyeva “İrəvan Müəllimlər Seminariyasının bağlanması səbəbləri” və Psixologiya və pedaqogika kafedrasının dosenti Sahib Məmmədov “Müəllim hazırlığında yeni yanaşma: ənənə yaşayır” mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da tarixi əlamətdar hadisələrə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password