Türkiyənin bölgə siyasəti necə dəyişir?

 

“Türkiyənin xarici siyasət kursunda dəyişikliklər var. Rəcəb Tayyib Ərdoğan Suriyada müharibə başlayanda Bəşər Əsədlə münasibətləri kəsdi və onu uzun illər ərzində kəskin tənqid etdi. Ərdoğan hesab edirdi ki, Bəşər Əsəd məğlub olacaq və müxalifət Suriyada hakimiyyətə gələcək. Ancaq belə olmadı, Rusiya və İran Bəşər Əsəd rejiminə hərbi dəstək verdilər. Əsəd rejimi bunun hesabına hakimiyyətini gücləndirdi, silahlı müxalifət geri çəkildi. Türkiyə üçün Suriyada təhlükəli gedişat baş verdi.

Radikal kürdlər Suriya ərazisinin bir hissəsini nəzarətə götürdülər. Həmin ərazilərdə terrorçu PKK və ona müttəfiq olan silahlılar yerləşdilər. Bu, Türkiyə üçün ciddi təhlükə yaradırdı. Ona görə də Türkiyə ordusu Suriya ərazisində bir neçə dəfə hərbi əməliyyat keçirdi. Hazırda Ankara və Dəməşq arasında təmaslar başlayıb. Ərdoğan Əsədlə görüşməyəcək. Ancaq iki ölkənin diplomatları və təhlükəsizlik idarələrinin əməkdaşları görüşürlər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Bəşər Əsəd diktatordur və minlərlə insanın qətlində günahkardır:

“Ancaq Əsəd hakimiyyətdən getməyəcək. Digər tərəfdən Əsəd Suriyanın bütövlüyünü təmin etmək istəyir. Türkiyə də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, çünki radikal kürdlər Türkiyə üçün də ciddi təhlükədir. Ona görə də, Ankaranın Dəməşqlə təmasları davam edəcək. Ankaranın İsrail siyasəti də dəyişib. Rəcəb Tayyib Ərdoğan 2000-ci illərin ortalarında İsraillə münasibətləri gərginləşdirdi. İsrail hərbçiləri Türkiyənin “Mavi mərmərə” gəmisinə hücum etmişdi. Bundan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırıldı. Bu, Türkiyənin maraqlarına cavab vermirdi. İsrail Türkiyənin əleyhinə Misir, Yunanıstan və Kiprlə ittifaqa qoşuldu. İsrail öz qazını Kipr və Yunanıstana ixrac edəcəyini bildirdi. ABŞ-dakı güclü yəhudi lobbisi də Türkiyə əleyhinə fəaliyyət göstərməyə başladı. Bu arada, bəzi ərəb ölkələri Vaşinqtonun vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırdılar, səfirliklər açdılar. Ankara İsrail siyasətini dəyişdirmək məcburiyyətində qaldı. Hazırda Ankara İsrail qazını Türkiyə üzərindən Avropa ölkələrinə nəql etmək istəyir. İsrail prezidenti və müdafiə naziri Ankaraya səfər etdilər”.

Ekspertin fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirlə pozulan münasibətləri də normallaşdırmağa çalışır:

“Ərdoğan Misir prezidenti Əbdül Fəttah Sisini sərt tənqid edirdi. Misir ərəb dünyasının və Afrika qitəsinin əsas ölkələrindən biridir. Ona görə də Misirlə gərgin münasibətlər Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan Sisi ilə görüşməsə də, Ankara ilə Qahirə arasında təmaslar başlayıb. Türkiyədə Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanıya biləcəyi haqqında fikirlər səsləndirilir. ABŞ Yunanıstanda hərbi bazalar yerləşdirib. Bu da Rusiyanın xoşuna gəlmir. Yunanıstan Rusiyaya qarşı sanksiyalarda iştirak edir. Ona görə də Rusiyanın yalnız Türkiyənin tanıdığı Şimali Kipri tanıya biləcəyindən danışırlar. Ancaq Türkiyədə Rusiyanın Şimali Kipri tanımayacağını deyənlər də az deyil. Onların fikrincə, bu həm də Türkiyə üçün təhlükəlidir. Çünki Rusiya bu addımı atsa, Türkiyədən Krımın Rusiya ərazisi kimi tanımasını istəyəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. Azərbaycanın da Şimali Kiprlə əlaqələri barədə fikirlər səslənir. Azərbaycan təkbaşına Şimali Kiprin müstəqilliyini tanıyarsa, Yunanıstanın Azərbaycana təzyiq edəcəyi, Qarabağ separatçıları ilə əlaqə quracağı təhlükəsi ilə bağlı fikirlər mövcuddur. Ancaq türk dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan eyni gündə Şimali Kiprin müstəqilliyini tanıyarsa, Yunanıstan bu dörd ölkəyə təzyiq edə bilməyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password