İran diplomatları Bakıdan qovula bilər? – Professor

 

Azərbaycan və İran arasındakı diplomatik əlaqələr Vyana Konvensiyası ilə tənzimlənir. Bu konvensiyada isə diplomatik missiyanın fəaliyyəti və məqsədləri əks olunub.

Bu sözləri açıqlamasında DTX-nin keçirdiyi əməliyyat zamanı Azərbaycana qarşı fəaliyyət göstərən dəstənin ələ keçirilməsi və cinayətkarlara İran səfirliyinin yardım etməsi haqqında danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, konvensiyaya əsasən, diplomatik missiyanın məqsədi öz ölkəsini tanıtmaq və mədəni-iqtisad əlaqələr qurmaqdır:

“Həmçinin, səfirlik fəaliyyət göstərdiyi ölkə haqda qanunla qadağa edilməmiş formada məlumatlar da toplayıb öz ölkəsinə göndərə bilər. Hər bir halda diplomatik missiyanın olduğu dövlətin qanunlarına zidd davranması qadağandır”.

Hüquqşünas bildirib ki, hazırda DTX dəstə üzvlərini şübhəli şəxs kimi saxlayıb və istintaq gedir, əldə edilən faktlar məhkəmə qərarı ilə təsdiqlənməyib:

“Buna baxmayaraq, ortada saxlanılanların ifadələri və təkzibedilməz sübutlar var. Buna görə də Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq bu addımları ata bilər: Birinci variant Azərbaycan XİN-in İrana nota ünvanlamasıdır. İkinci, Azərbaycanın öz səfirini məsləhətləşmələr üçün İrandan geri çağırmasıdır. Digər üsul isə Azərbaycan XİN-in İran səfirliyindəki bəzi diplomatları “persona non qrata” elan edərək, ölkədən çıxmalarını tələb etməsidir.

Bu zaman qoyulan vaxt ərzində onların diplomatik toxunulmazlığı qüvvədə olur və axtarışa verilə, istintaqa cəlb oluna bilməzlər. Əgər onlar qoyulan müddət ərzində ölkədən çıxmasalar, onda toxunulmazlıqlarını itirirlər”.

Professor qeyd edib ki, XİN istintaqın nəticəsini və məhkəmə qərarını da gözləyə bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password