Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb

 

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

Bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc edilən “44 günə fəth olunan zəfər zirvəsi” adlı məqaləsində yer alıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır.

“Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olub”, – DTX rəisi əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password