Rusiyanın Qarabağla bağlı hədəfi nədir? – Hər şey bəlli olur
“Rusiya və Ermənistan üçün Soçi görüşü nəticəsiz bitdi. Azərbaycan isə bu dəfə də öz qətiyyətli mövqeyindən geri çəkilmədi. Prezident Əliyev Soçidə Qarabağ münaqişəsinin iki il əvvəl bitdiyini həm Ermənistan, həm də Rusiya lideri qarşısında bir daha təsdiqlədi”.
Bunu politoloq Ramiyə Məmmədova deyib.
Ekspert hesab edir ki, buna baxmayaraq, bir sıra dövlətlər yenidən bu məsələ üzərindən bölgədə gərginlik yaratmaq, sülhə gedən yola maneələr döşəməyə çalışırlar:
“Rusiya bölgədəki mövcudluğunu saxlamaq və prosesi öz xeyrinə dəyişdirmək üçün əlindən gələni edir. İranın son zamanlardakı fəallığını da bununla əlaqələndirmək olar.
Baş nazir Paşinyan Soçi görüşündə və bundan iki gün əvvəl Rusiyanın diktəsi ilə bir sıra təkliflərlə çıxış etdi. Amma Azərbaycan lideri Soçidə bu təkliflərin həyata keçməsinə imkan vermədi. Görüş başa çatdıqdan sonra açıqlama verən Putinin məyusluğu diqqətdən qaçmadı. Rusiya lideri nəticə əldə edə bilmədiklərini, amma sülh sazişinin imzalanması yönündə bəzi addımların atıldığını bildirdi. Təbii ki, Putin “nəticəsiz” dedikdə, Rusiyanın maraqlarını nəzərdə tutur. Həmin maraqlar isə bölgədə gərginliyin davamlı olmasını ehtiva edir”.
Ramiyə Məmmədova nə Rusiya, nə Ermənistan, nə də Qərb dövlətlərinin sülh sazişinin imzalanmasında maraqlı olduqlarını söyləyib:
“Sülh sazişinin imzalanmasını və bölgədə davamlı sülhün olmasını istəyən cəmi iki ölkə var: Türkiyə və Azərbaycan. Ermənistan və havadarları hər nə qədər Azərbaycanı ittiham etsələr də, bölgədə qalıcı sülhün bərqərar olmasına maneə yaradan onların özləridir.
Başı Ukraynada qarışan Rusiyanın başqa məqsədləri də var. Zənnimcə, Rusiya Qarabağ məsələsini “dondurmaq” niyyətindədir. Bu, bir sıra Rusiya rəsmilərinin açıqlamalarında və media qurumlarının tirajladığı materiallarda da öz əksini tapır. Hesab edirəm ki, Rusiya Qarabağda Donbasa bənzər bir durum yaratmağı hədəfləyir. Bunun Xankəndidə keçirilən mitinqdə Rusiya bayraqlarının və Putinin portretlərinin qaldırılmasında da görmək olar. Bunun arxasında duran elə Rusiyanın özü idi. Vaxtilə Rusiya Luqansk və Donetskdə də belə separatçı aksiyalar təşkil etmişdi. Ardınca da bölgədəki separatçılara Rusiya pasportları paylanılmışdı.
Rusiyanın Qarabağla bağlı bu separat planının baş tutacağına inanmıram. Çünki Rusiya anlayır ki, Azərbaycan Ukrayna deyil. Ukraynanın arxasında sözündən qaçan Qərb, Azərbaycanın arxasında isə sözü əməli ilə üst-üstə düşən Türkiyə dayanır. O həmin Türkiyədir ki, Rusiya heç vaxt onu itirməyi gözə ala bilməz.
Eyni zamanda, bütün dünyadan sürətlə təcrid edilən Rusiya təklənir. Bu baxımdan, üzünü Cənubi Qafqaza tutmaq və bölgə ölkələri ilə, o cümlədən, Azərbaycanla münasibətlərini normal məcrada saxlamağa məcburdur. Bu baxımdan, Azərbaycanla münasibətlərinin korlanması Rusiyanın xeyrinə olmayacaq. Buna görə də Putin və komandası Qarabağ ətrafındakı durumu adekvat qiymətləndirməyə məcburdur. Əks addımlar isə bölgədə həm də Rusiyanın xeyrinə olmayan gərginlik yaradacaq.
Hansısa Vardanyanı Qarabağa gətirərək, orada hansısa ssenarini həyata keçirməyə cəhd etmək Rusiya üçün yaxşı nəticə verməyəcək. Bu, təkcə Ermənistanın varlığını deyil, Rusiyanın bölgədə mövcudluğunu da sual altında qoyacaq. Rusiya hansısa addım atarkən və ya nəyisə planlaşdırarkən, Türkiyə faktorunu unutmamalıdır”./teleqraf.com