Finlandiya və İsveçin NATO-ya üzvlük şərtlərini xatırladıb
Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçtərəfli memorandum müzakirə edilib.
Ərdoğan deyib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.
Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.
Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.