ABŞ İrana müdaxilə etməyə hazırlaşır – Ağ Evdən Tehrana ilk mesaj
“ABŞ-ın İranla nüvə anlaşmasına marağı azalıb, danışıqlar dondurulub”.
Bunu açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, molla rejimin təslim olması, hakimiyyətdən getməsi prosesi başlayıb:
“Vaşinqtonun Tehranla nüvə anlaşmasına marağının azalması təbiidir. Çünki İran çalxalanır, Vaşinqton hazırki vəziyyətdə gözləmə mövqeyinə keçərək hadisələrin hansı istiqamətdə inkişafını müşahidə edəcək. Bunu ABŞ prezidenti Co Baydenin “biz İranı tezliklə azad edəcəyik” açıqlaması da xəbər verir. Ağ Ev sahibi Kaliforniyada çıxışı zamanı deyib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.
ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu, asan başa gəlməyəcək. Rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb, cin şüşədən çıxıb.
Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir. Bircə Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın o zamankı liberal görüşlü baş naziri Məhəmməd Müssədiqi devirərək şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və İslam inqilabına şərait yaratdılar”.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi Baydenin açıqlamasına “İran artıq 43 ildir azaddır” ifadəsi ilə cavab verib./milli.az