“Necə olur ki, Türkiyədəki dərman Azərbaycanda 7-8 dəfə baha satılır?”

 

“Büdcənin xərc siyasətinə baxanda prioritet sahədə müdafiə, səhiyyə, təhsildir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, amma bir sıra məsələlər var ki, narahatlıq doğurur: “Ərzaq təhlükəsizliyi və qiymət artımı əsas narahatlıq yaradan problemlərdəndir. Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı sahəsinə kifayət qədər vəsait ayırmışdıq. Ümumi götürəndə bu sahəyə 2 milyard manata yaxın vəsait ayrılmışdı. Amma rayonlardakı vəziyyət, istehsal olunan məhsulların satışı gözlənilən kimi deyil. Kənd təsərrüfatı sahəsində subsidiyalar olsa da, problemlər kifayət qədərdir. Gübrənin qiyməti kifayət qədər artıb. Gübrənin qiyməti ilə əlaqədar subsidiyanın məbləğinə də baxılmalıdır. Biz ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatının inkişafına diqqəti artırmalıyıq”.

Deputat Azərbaycanda süni qiymət artımı olduğunu bildirib: “İnflyasiya nə qədər olsa da, süni qiymət artımı daha çoxdur. Biz bir neçə təklif verdik. Ərzaq məhsullarının ƏDV-si endirilsin. Buna getmək lazımdır. Biz nə qədər maaşları artırsaq da, artan inflyasiyanın qarşısını ala bilməyəcəyik. Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsin”.

Deputat qiymət artımının ən çox dərmanlarda müşahidə edildiyini də deyib: “Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır? Bu, əhalini ən çox narahat edən problemdir”.

Deputat bank faizlərinin də yüksək olduğunu diqqətə çatdırıb: “Sahibkarların əsas problemi kredit faizlərinin yüksək olmasıdır. Azərbaycanda niyə İnvestisiya Fondu yoxdur? Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin? Kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”./apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password