Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının vəzifələri müəyyənləşib – SİYAHI

 

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının vəzifələri müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Komendantlığın vəzifələri aşağıdakılardır:

Komendantın Qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq komendantlıq aşağıdakı vəzifələri yerinə yetirir:

1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Qanunun 8-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi zəruriliyini təhlil etmək və onların tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonra həmin tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasını təmin etmək;

2. komendantın fövqəladə vəziyyət rejiminin təmin edilməsi məsələləri üzrə əmr və sərəncamlarının layihələrini, habelə fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması ilə bağlı tədbirlər planlarını hazırlamaq;

3. fövqəladə vəziyyət rejiminin təmin edilməsinə cəlb olunmuş qarovul (patrul) naryadlarının xidmətinin təşkilini və aparılmasını təmin etmək, növbəyə daxil olmazdan əvvəl qarovul (patrul) naryadlarının şəxsi heyətini təlimatlandırmaq, əməkdaşların (hərbi qulluqçuların) zəruri ləvazimatlarla təchiz olunmasına nəzarət etmək;

4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə qanunçuluğa riayət olunmasının təmin edilməsi və ictimai qaydanın qorunması məqsədilə müvafiq tədbirləri planlaşdırmaq və həyata keçirmək;

5. fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə normativ hüquqi aktlar, habelə komendantın əmr və sərəncamları ilə bağlı maarifləndirmə və təbliğat işlərini təşkil etmək;

6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, mülki müdafiə orqanları, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə orqanların (qurumların), fövqəladə vəziyyət rejimini təmin edən orqanların (qurumların) vəzifəli şəxsləri tərəfindən komendantın əmr və sərəncamlarının icra olunmasına, fövqəladə vəziyyət şəraitində tətbiq edilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin yerinə yetirilməsinə nəzarət etmək;

7. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqəni təmin etmək;

8. fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazidə dislokasiya olunan hüquq mühafizə və digər aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə ictimai asayişin və təhlükəsizliyin qorunması işinin təşkilini gündəlik təhlil etmək, hüquq pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etmək;

9. media nümayəndələri üçün mətbuat konfransları və ya brifinqlər təşkil etmək;

10. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə açıqlanması qanunla qadağan olunan məlumatların açıqlanmasının qarşısının alınması üçün tədbirlər görmək;

11. fövqəladə vəziyyət rejiminin təmin edilməsinə cəlb olunan əmlak və resursların, o cümlədən sərf olunan maliyyə xərclərinin uçotunu aparmaq;

12. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mövcud vəziyyət barədə gündəlik məlumatların toplanılmasını, ümumiləşdirilməsini və təhlil olunmasını təşkil etmək;

13. fövqəladə vəziyyət rejiminin təmin edilməsində iştirak etmiş şəxslərin qeydiyyatının bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş qaydada yaradılan birləşmiş əməliyyat qərargahında aparılmasını təşkil etmək;

14. dövlət sirrinin mühafizəsini təmin etmək;

15. Qanuna uyğun olaraq komendantın səlahiyyətlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password