Fransa BMT qətnamələrinə məhəl qoymur: Mayot adasını işğal altında saxlayır
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış etdi.
Dövlət başçısı çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, qətliama diqqət çəkən Prezident İlham Əliyev analoji hadisələrin Ermənistan tərəfindən Azərbaycanda da törədildiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Ərəb Dövlətləri Liqası (ƏDL) ölkələri ilə olan iqtisadi siyasi münaisbətlərinə də toxundu.
Ərəb Dövlətləri Liqası Sammitinin Azərbaycana vəd etdiyi perspektivlər
Qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası (ƏDL) 1945-ci ildə Qahirədə təsis edilib. 22 dövlətin üzv olduğu təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir.
Dünya iqtisadiyyatında böyük payı olan ərəb ölkələrində zəngin ehtiyatlara malik neft-qaz yataqları var. Səudiyyə Ərəbistanı 2019-cu ildə dünyada ən çox neft hasil edən ikinci ölkə olub. Həmçinin Qətərin qaz ehtiyatlarının həcmi 24,5 trilyon kubmetrdir ki, bu da ərəb ölkəsinin qaz ehtiyatlarının həcminə görə dünyada üçüncü sırada yer almasına imkan verir.
Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var
2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşmüş, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdir.
Qeyd edək ki, “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” adlı format böyük perspektiv vəd edir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş ilk Forumun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.
Həmçinin bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda qarşı tərəfin təşkilatın Bakıda ofisinin yaradılmasına dair təklifi ilə bağlı müzakirələr aparılmaqdadır.
Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamafobiyaya qəti şəkildə qarşı çıxır
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözügedən sahədə önəmli beynəlxalq platforma kimi tanınıb.
Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Bir sıra ərəb dövlətləri, xüsusilə İraq və Misir illərdir mina problemindən əziyyət çəkir. Ölkəmiz mina probleminə beynəlxalq aləmdə daha çox diqqət çəkmək istiqamətində ərəb ölkələri ilə əməkdaşlıq edə bilər.
Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Bu mənada ƏDL-in sammitində iştirak Azərbaycanın Hərəkatın sədri kimi baxışının və nəzərdə tutduğu fəaliyyətin QH-nin 22 üzv dövlətinə təqdim edilməsi baxımından çox önəmlidir.
Bu gün ərəb dünyası üçün ən böyük problem yaradan ölkələrdən biri məhz İrandır. İran ərəb ölkələrində məzhəb bölücülüyü kimi dağıdıcı fəaliyyətlə məşğuldur. Bu fəaliyyətdən Suriya, Livan, Yəmən və digər dövlətlər əziyyət çəkir, ciddi siyasi-təhlükəsizlik təhdidləri ilə üz-üzə qalırlar. Bundan əlavə, İran Birləşmiş Ərəb Əmirliklərinin ərazisi hesab edilən Əbumusa, Böyük və Kiçik Tunb adalarını işğal altında saxlayır.
Ərəb dünyasına böyük problem yaradan digər ölkə – Fransa 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını işğal altında saxlayır. BMT qətnamələri Qəmər adalarının Mayot üzərində suverenliyini tanısa da, Fransa buna məhəl qoymur./trend.az