Xalq artisti Mələkxanım Eyubovanın yaradıcılıq gecəsi keçirildi
Beynəlxalq Muğam Mərkəzi və AMEA Folklor İnstitutunun (“Dədə Qorqud” (keçmiş “İrs”) təşkilatçılığı ilə Xalq artisti, professor Mələkxanım Eyubovanın yaradıcılıq gecəsi keçirildi. Xan Şuşinski Fondunun birgə iştirakı ilə hazırlanan gecədə tanınmış mədəniyyət və elm xadimləri iştirak edirdi. Təntənəli gecədə incəsənət ustaları və Xalq artistinin tələbələrinin ifaları təqdim olundu.
Gecədə ilk olaraq Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu ünvanladı.
Məktubda muğam sənətinin inkişafında və gənc nəslə muğam sənətimizin aşılanmasındakı xidmətləri,özünəməxsus ifaçılıq üslubu olan sənətkarı təbrik edərək yeni-yeni yaradıcılıq uğurları arzulanır. Sektor müdiri həmçinin Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlunun da təbrik məktubunu xanəndəyə təqdim etdi.
Rəsmi hissədən sonra gecənin aparıcısı, Dövlət Akademik Opera və balet teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev səhnəyə çıxaraq Mələkxanım Eyubovanın yaradıcılıq yolundan söz açaraq səbəkarı səhnəyə dəvət etdi.
Xalq artisti, tarzən Möhlət Müslümovun rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə səhnədə ilk musiqi nömrəsi ilə tamaşaçıları salamlayan xanəndə prəstişkarlarına qucaq dolu salamlarını yolladı.
AMEA Folklor İnstitutunun direktoru, Akademik Muxtar İmanov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Xalq artisti Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova və başqaları sənətkara təbriuklərini ünvanladılar. Yaradıcılıq gecəsi rəngarəng musiqi nömrələri, muğam duetlərinin ifaları ilə yadda qaldı./trend.az