Ünvanlı sosial yardımın təyini üçün müəyyən edilən göstərici açıqlanıb
“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən növbəti ilin 1 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.
Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edək ki, 2022-ci il üçün bu göstərici 200 manat təşkil edir.
Sənəddə vurğulanır ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanuna əsasən cari ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240,0 manata çatdırılıb.
Hazırda minimum pensiya orta aylıq əmək haqqının 28,9%-i, minimum aylıq əmək haqqının isə 80,0%-i səviyyəsindədir. Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75-80,0%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib.
“Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir. Layihə ilə birlikdə təqdim edilmiş İzahatda, eləcə də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində minimum pensiya məbləğinin artırılmasına dair qeydlər əks etdirilməmişdir ki, bu da növbəti ildə minimum pensiya məbləğinin ehtiyac meyarından aşağı olacağı deməkdir. Bu və yuxarıda göstərilənlər, növbəti ildə minimum pensiya məbləğinin artırılması ilə bağlı tədbirlərin reallaşacağına dair ehitmalları yüksəltməklə Fondun xərclərinə yenidən baxılması zərurətinin də yaranacağını qeyd etmək imkanı verir.
Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir”, – Hesablama Palatasının rəyində bildirilib.