Moskva qızışdırıcı rol oynayır, Putinin “Valday”dakı çıxışı… – Müsahibə

 

Sabiq diplomat, politoloq Fikrət Sadıqov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Fikrət müəllim, Rusiya Prezidenti Vladimir Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Ermənistanın son dövrlər Qərbə istiqamətlənən mövqeyinə necə təsir edə bilər?

– Putinin ifadələrinə diqqət etsək, ikibaşlı yanaşmanın şahidi oluruq. Burada məqsəd aydın deyil. Bir tərəfdən Ermənistana işarə edilir ki, Vaşinqton tərəfindən irəli sürülən planı Ermənistan yerinə yetirsə, bu, onların maraqlarına cavab verməyəcək. Digər tərəfdən isə Putin bəyan edir ki, Ermənistanın iradəsi buna imkan verirsə, o zaman Qarabağ Azərbaycan ərazisi kimi qalmalıdır. Bu baxımdan Qarabağ məsələsinin yenidən sual altına düşməsi məsələsi gündəmə gətirilir. Əslində Qarabağ məsələdi həll edilib. Burada Azərbaycan tərəfindən kifayət qədər faktlar, sübutlar irəli sürülüb. Ona görə də, bu məsələyə tərəfimizdən nöqtə qoyulub. Amma yenidən bu məsələyə qayıtmaq cəhdi onu göstərir ki, aparıcı dövlətlər, xüsusilə Rusiya müəyyən dərəcədə qızışdırıcı rol oynayır.

– Məsələnin indiki həssas dönəmdə yenidən gündəmə gətirilməsində məqsəd nədir?

– Qarabağ məsələsi həll edilibsə, bunun yenidən qaldırılması məntiqsizdir. II Qarabağ müharibəsindən sonra rəsmi Moskvanın mövqeyi o idi ki, Qarabağ Azərbaycan ərazisidir. Məhz bu bəyanatdan sonra yenidən bu məsələyə qayıtmaq absurddur. Vaşinqton, Moskva planı isə əslində məsələlərə aydınlıq gətirmir.

– Belə olan halda bir neçə gün sonra baş tutacaq Soçi görüşünün gərgin atmosferdə keçəcəyini söyləmək nə dərəcədə məntiqlidir?

– Təbii ki, Soçi görüşündə Azərbaycan öz mövqeyini yenidən təsdiqləyəcək. Beləliklə də yenidən buna aydınlıq gətirilmiş olacaq. Amma hər halda Paşinyan hökuməti Azərbaycanın irəli sürdüyü planı qəbul edib. Bununla bağlı Ermənistanın xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibinin açıqlaması var. Onlar Azərbaycanın təşəbbüslərinə müəyyən əlavələr etmək istəyiblər. Bununla bağlı Paşinyanın da fikirləri var. Həmçinin burada Qarabağda yaşayan erməni icması ilə Azərbaycanın danışması məsələsi vurğulanmışdı. Əslində Paşinyan bu cür açıqlamalar verməli deyildi. Çünki Qarabağ məsələsinin Ermənistana və onun hərbi siyasi rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Azərbaycanın özü bilər ki, orada məsələləri necə həll edir və hansı addımları atacaq. Ölkəmizin ərazisində yerləşən milli azlıqların hamısı konstitusiyaya görə, bizim vətəndaşlarımız hesab edilir. Ona görə də, burada aydın olmayan ifadələr var.

– Ermənistan Azərbaycanın 5 bəndlik sülh təklifini qəbul edibsə, əlavə hansı şərtlərdən danışmaq olar?

– Bu baxımdan Paşinyanın sülhə imza atmağa hazır olması fonunda, bir sıra əlavə məsələləri gündəmə gətirməsinin səbəbi də hələlik heç kəsə aydın deyil. Çox güman ki, Ermənistan tərəfindən irəli sürülən əlavələr yaxın gələcəkdə məlum olacaq. Görünən odur ki, Paşinyan bu cür məsələləri gündəmə gətirməklə özünə qarşı olan qüvvələri neytrallaşdırmaq niyyəti güdür. O, həmçinin erməni xalqına da yaxşı siyasətçi kimi görünmək istəyir. Amma məsələləri heç də bəyanatlar həll etmir./Teleqraf.com/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password