Brüssel, yoxsa Moskva formatı? – Şəfiyev detalları açıqladı
II Qarabağ müharibəsindən sonra sülh prosesi ətrafında iki formatda danışıqlar gedir. Bu, Avropa İttifaqı və Rusiya formatında olan danışıqlardır. Ona görə də yenidən Rusiyanın vasitəçiliyi ilə belə bir təşəbbüsün olmasına nəzər salsaq, bunu aydın görmək olur. Çünki bundan öncə Brüsseldə, Moskvada görüşlər keçirilib. Eyni zamanda 2021-ci ilin noyabrın sonunda Soçidə baş tutmuş görüşü bu mənada xüsusi olaraq qeyd edə bilərik.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, bu görüşdən iki-üç həftə sonra Brüsseldə eyni formatda danışıqlar baş tutub:
“Sadəcə olaraq Brüssel danışıqlarında biz daha çox irəliyə getmişik. Ölkəmiz üçün ən vacib olan məsələ sülh sazişidir. Rusiya istiqamətində aparılan danışıqlarda isə daha çox dəhlizlərin açılması, delimitasiya və demarkasiya ilə bağlı məsələlər müzakirə edilmişdi. Ümumilikdə isə Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Hər halda Rusiya tərəfi son zamanlar sülh haqqında danışmağa başlayıb. Təbii ki, burada müəyyən bir qısqanc yanaşmalar var. Eyni zamanda strateji baxımdan Rusiya Qarabağ məsələsinin həll olunmasını istəmir. Rusiya daha çox bu məsələni nəzarət altında saxlamaq niyyətindədir. Amma Brüssel görüşlərində Azərbaycan öz istəkləri ilə bağlı daha çox irəliləyişə nail ola bilir. Burada ABŞ-ın vasitəçiliyi də prosesə mümkün qədər kömək edir”.
Fərid Şəfiyev prosesdə üç vasitəçinin olması məsələsinə də münasibət bildirib:
“Burada Rusiyanın və Avropa İttifaqının həyata keçirdiyi format var. Sadəcə olaraq Brüssel formatına ABŞ yardım edir. Burada ABŞ üçün ayrıca bir format mövcud deyil. Bu baxımdan Avropa İttifaqının Ermənistana gəlmiş mülki missiyası və ATƏT-in faktaraşdırıcı qrupu daha çox Fransanın təşəbbüsü kimi ortaya çıxıb. Həmçinin bir sıra Avropa ölkələrinin də bu məsələdə təşəbbüsləri var. Məqsəd müəyyən dərəcədə Azərbaycana təzyiq göstərməkdir. Amma fundamental olaraq hər iki missiya prosesin gedişinə heç bir təsir edə bilməyəcək. Çünki Azərbaycanın bir nömrəli hədəfi Ermənistanla sülh sazişinin imzalanmasıdır. Buna doğru da hərəkətimiz davam edir”./teleqraf.com