Azərbaycan və Türkiyənin maraqları diqqət çəkir: ABŞ İrana qarşı hansı “at”ı oynayacaq?

İran genişmiqyaslı mitinqlərin 44-cü gününü yaşayır, hakimiyyət daxilindəki qovğalar, üstəgəl İslam Respublikasının xarici agentura şəbəkəsinin meydançasına çevrilməsi aksiyaların xarakterini mürəkkəbləşdirir.

Ən son məlumatlara əsasən, İranın 11 vilayətinin ən azı 13 şəhərində aksiyalar davam edir və tələbələr mitinqlərin hərəkətverici qüvvəsinə çevrilir.

İranın yürütdüyü xarici siyasət kursu, xüsusilə son zamanlar Rusiyanın Ukraynadakı müharibədə qələbə qazanmasını təmin etmək üçün ona kamikadze dronlar verməsinin siyasi nəticələri ölkə daxilinə mənfi sirayət edir.

İslam Respublikasının Ukraynadakı müharibədə dolayı iştirakı elə Ukrayna müharibəsinin dolayı tərəfi olan Qərbi narahatlıqlara qərq edir. Buna görə də Tehrana qarşı qəzəbli siyasi kurs yenidən canlanır.

Bu kursun ardınca İsrail hədsiz maraqla gedir və Tehranı “çökdürmək” üçün planlarını Qərblə koordinasiya edir.

İsrail oktyabrın 25-də Zahedanda iki SEPAH zabitinin (polkovniklər) öldürülməsi ilə kəşfiyyat müharibəsində rəqibindən bir neçə addım irəlidə dayandığını yenidən göstərdi. Hərçənd ki, Təl-Əviv heç zaman bu sui-qəsdi öz boynuna almaz.

ABŞ-a gəlincə, özünün İranla bağlı kursunu Qərbin və İsrailin birləşmiş gücü sayəsində inkişaf etdirməyi düşünür. Lakin o da bəllidir ki, Vaşinqtonun Tehranla bağlı prioritetləri heç də həmişə tərəfdaşlarının maraqları ilə üst-üstə düşmür.

Çünki İran siyasətinin yayıldığı coğrafiya, onun Yaxın Şərqdəki iştirakı, nüvə silahı istehsal edə biləcəyi ilə bağlı hədələri, zəngin enerji resursları və sair amillər böyük güclərin məntiqini istər-istəməz fərqli şəkildə inkişaf etdirir.

İrandakı etirazların izi ilə Vaşinqton-Tehran münasibətlərinin cari situasiyasının təsvirini belə verə bilərik:

1. ABŞ İrandakı etirazlardan məmnundur, üzdə insan hüquqlarını qabartsa da, əslində İran qüvvələrinin etirazçıları öldürməsindən o qədər də narahat deyil;

2. ABŞ üçün böyük strateji marağın təmin edilməsi əsas olduğundan o, etirazları nüvə danışıqlarında İranın iddialarının kiçilməsi vasitəsinə çevirmək məharətinə malikdir;

3. ABŞ buna görə İrana qarşı maksimum təzyiq kampaniyasını davam etdirir və indiki məqamda Tehrana möhlət vermək niyyətində deyil.

İrandakı etirazlarda etnik kartların necə oynanılacağı da dərin suallar yaradır, yəni bu məsələdə hansı ölkənin hansı populyasiyaya sərmayə yatıracağı maraq doğurur.

Təxmin etmək çətin deyil ki, ABŞ və Britaniya daha çox kürdlərə, Səudiyyə Ərəbistanı isə ərəblərə kapital yatırtmaq planlarını yuxarı səviyyəyə qaldıracaq. Azərbaycanla Türkiyənin bu hərarətli fonda azərbaycanlı amilinə vurğular etməsi, həm də türkmənlərə olan diqqəti ortaya qoyur. Bütün bunlar zehinləri itiləməyə əsaslar verir.

Bütün gücləri, hətta Rusiyanı da bir etnik kart birləşdirir ki, bu da azərbaycanlı amilidir, çünki İrandakı türk etnosu bir növ qlobal maraqların Tehrana yönələn niyyətlərində birləşdirici stimul yaradır.

Hazırda isə İran üçün ən təhlükəli mənbə kürdlərdir. Şübhəsiz ki, kürd faktoru həm də xarici hücrələr kimi inkişaf etdirilir, buna görədir ki, SEPAH İraqdakı PKK mövqelərinə intensiv zərbələr endirir.

PROQNOZLAR:

İrandakı etirazlar hələlik rejimi dəyişmək səviyyəsinə gəlib çatmayıb, mümkündür ki, bu, heç baş tutmasın da! Çünki İran Qərblə sövdələşməyə gedərək ABŞ-ın daxildəki etirazlara marağını müvəqqəti də olsa, azalda bilər.

Amma məsələ təkcə ABŞ ilə bitmir, digər oyunçuların da marağı əsas olduğundan onlar İranla Ağ Ev arasında nəticə əsaslı konstruktiv yekunun nail olunmasına qarşı çıxa bilərlər./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password