Aİ-Azərbaycan-Gürcüstan formatı bizə nə qazandırır? – Gürcü ekspertlər izah edir
Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və yeni istiqamətlərdə inkişafı üçün böyük potensial var. Mövcud geosiyasi hadisələr həm Şərqdə, həm də Qərbdə çoxlu sayda ölkələr üçün bir sıra maneələr yaradıb. Bu mənada Azərbaycan və Gürcüstan qlobal arenada yeni əhəmiyyət kəsb edirlər.
Prezident İlham Əliyevin Gürcüstana səfəri, əlbəttə ki, həm ölkələr arasında ikitərəfli tərəfdaşlığın inkişafında, həm də təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da yaradılmış yeni siyasi və iqtisadi şərait baxımından mühüm rol oynayır.
Gürcüstanlı iqtisadçı, Tbilisi Azad Universitetinin professoru Qiqa Bedineişvili çərşənbə axşamı bildirib ki, hazırkı geosiyasi reallıqlarda Prezident İlham Əliyevin Gürcüstana səfəri çox vaxtında edilmiş səfərdir.
“Bu gün, məsələn, enerji və nəqliyyat əməkdaşlığı ölkələrimiz üçün gündəmdə olan əsas məsələlərdir. Azərbaycan və Gürcüstan arasında strateji dostluq tərəfdaşlığını nəzərə alsaq, bu və bir çox digər sahələrdə daha da inkişaf etmək üçün imkanlar da var”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, Aİ və bloka daxil olmayan bir çox digər ölkələr Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarında maraqlıdırlar, çünki alternativ marşrutlara tələbat artmaqdadır və Azərbaycan və Gürcüstan nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün birgə çalışsalar, bu, təkcə onlara deyil, həm də daha geniş regionda bir çox digər oyunçulara fayda verəcək.
Bedineişvili vurğulayıb ki, nəqliyyat kommunikasiyasının təkmilləşdirilməsi elektron ticarətin inkişafı və birgə məlumat bazasının yaradılması kimi mühüm məsələləri əhatə edir ki, bu da lazımi şəkildə inkişaf etdirilərsə, Azərbaycan və Gürcüstan arasında ümumi ticarət əlaqələrinə və digər ölkələrə ixracın daha da inkişafına müsbət təsir göstərəcək.
Gürcü ekspert, siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya da öz növbəsində Prezident İlham Əliyevin Gürcüstana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
“Bu səfər iki ölkə arasında strateji dostluğu bir daha sübut edir. Ölkələrimizin xüsusilə enerji sektorunda öz iqtisadi maraqları var. Təbii ki, Azərbaycan və Gürcüstan enerji böhranının çox çətin dövrünə qədəm qoyan Aİ-yə kömək əlini uzada bilər”, – deyə V.Maisaya bildirib.
Onun sözlərinə görə, Azərbaycan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə əsas enerji təchizatçısı kimi, Gürcüstan isə regional nəqliyyat qovşağı kimi əməkdaşlıqlarını digər dövlətlərin faydası üçün də uğurla inkişaf etdirə bilərlər.
“Bu, Azərbaycan-Avropa İttifaqı-Gürcüstan üçtərəfli əməkdaşlığını daha da gücləndirəcək, həmçinin ölkələrimizin ümumi maraqlarını formalaşdırmaq üçün yaradılmış struktur olan GUAM-ın mövqeyini gücləndirəcək və Cənubi Qafqazda regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu mənada Prezident İlham Əliyev lazımi vaxtda Gürcüstana səfər edib”, – deyə V.Maisaya bildirib.
Tbilisi Dövlət Universitetinin Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Vaxtanq Çarayya Trend-ə bildirib ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında münasibətlər üçün mühüm hadisədir.
“Bu gün Aİ-nin enerji resurslarının şaxələndirilməsi Azərbaycan-Gürcüstan tandemindən asılıdır. Ona görə də bizim əməkdaşlığımız Avropanın da maraqlarına uyğundur. Münasibətlərimiz nə qədər sabit və möhkəm olarsa, bizim tandem digər oyunçular üçün bir o qədər əhəmiyyətli olacaq”, – deyə V.Çarayya bildirib.
Ekspertin sözlərinə görə, bu çətin zamanda Azərbaycan enerji resurslarının əsas tədarükçüsü kimi, Gürcüstan isə tranzit qovşağı kimi bu mənada əməkdaşlıqlarını təkcə öz mənafeyinə deyil, həm də digər dövlətlərin xeyrinə inkişaf etdirə bilərlər.
“Gürcüstan üçün enerji əməkdaşlığı baxımından əlavə maraq onun təbii qazın əsas hissəsini Azərbaycandan almasıdır. Azərbaycan isə öz növbəsində öz enerji resurslarını nəql etmək üçün Gürcüstandan istifadə edir. Ona görə də mən şübhə etmirəm ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq prioritet sahədir”, – deyə ekspert bildirib.
Ölkənin tərəfdaşları haqqında danışarkən o, vurğulayıb ki, Gürcüstanın azad ticarət müqaviləsi bağladığı təkcə Aİ və Çin deyil.
“Gürcüstanda məhsul istehsal edən Azərbaycan öz məhsulunu digər bazarlara da sərfəli şəkildə ixrac edə biləcək. Düşünürəm ki, Azərbaycan şirkətləri bunda çox maraqlı olacaqlar”, – deyə ekspert əlavə edib.
Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECIPE) baş qeyri-rezident əməkdaşı Tengiz Pxaladze qeyd edib ki, Azərbaycan və Gürcüstan Avropanın çiçəklənməsində daha böyük rol oynayacaq.
“Gürcüstan və Azərbaycan kimi ölkələrlə əməkdaşlıq Avropanın rifahı üçün çox vacibdir və Avropa bunu başa düşür. Artıq “Şərq Tərəfdaşlığı”nın üzvü olmaqla, bu istiqamətdə qarşılıqlı fəaliyyət yaxşılaşdırıla bilər”, – deyə T.Pxaladze bildirib.
Ekspertin sözlərinə görə, Gürcüstan artıq Aİ ilə azad ticarət sazişi çərçivəsində bir çox imkanlardan istifadə edir. Məsələn, Gürcüstanda Türkiyə xammalından istehsal olunan məhsulların Aİ bazarına sərbəst ticarət rejimində ixracını inkişaf etdirməyə imkan verən “diaqonal kumulyasiya” sayəsində Türkiyə məhsulları Aİ bazarına çıxır. Azərbaycan da təbii ki, bu modelə qoşula bilərdi.
“Bu gün ölkələrimiz arasında mövcud olan böyük tərəfdaşlıq konkret biznes təşəbbüslərinə çevrilməlidir. İnfrastrukturdan söhbət gedəndə Türkiyəli tərəfdaşları da nəzərə almalıyıq, çünki Türkiyə bütün bu layihələrdə həmişə böyük rol oynayıb. Bu, digər ölkələrin və böyük ölçüdə Avropanın qura biləcəyi mühüm təmas nöqtəsidir”, – deyə ekspert bildirib.
T.Pxaladzenin haqlı olaraq qeyd etdiyi kimi, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında güclü strateji tərəfdaşlıq qurulub.
“Ölkələr arasında mükəmməl siyasi əlaqələr olduqda uğurlu biznes layihələrini həyata keçirmək xeyli asandır. Eyni zamanda, mövcud geosiyasi dəyişiklikləri nəzərə alaraq, ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi çərçivəsində daha da dəyərli olur. Bu gün tələbat artır və əvvəllər nə Azərbaycana, nə də Gürcüstana lazımi diqqət yetirməyən ölkələr indi bu ölkələrdən keçən nəqliyyat marşrutlarına böyük maraq göstərirlər. Gürcüstanın dəniz limanlarının imkanları və ya məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu – bütün bunlar geniş region üçün maraqlıdır”, – deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı genişmiqyaslı bərpa işləri, regionda həyata keçirilən mühüm infrastruktur layihələri regional əlaqələrin gücləndirilməsinin əsas komponentləridir.
“Məsələn, Zəngilan və Füzuli hava limanları kimi beynəlxalq dəhlizlərin işə salınması Cənubi Qafqaz üçün çox vacibdir. Bu marşrutlar həm Azərbaycanın əlaqələrini artırır və bütün maraqlı tərəflər üçün yeni imkanlar açır, həm də ölkənin bu gün təmin etdiyi sabitliyi vurğulayır. Eyni zamanda, müxtəlif tərəflərin marağı sürətlə artır”, – deyə ekspert bildirib.
Zəngəzur dəhlizi layihəsindən danışan T.Pxaladze vurğulayıb ki, bu, çoxlu yeni imkanlar və sərfəli layihələr təqdim edəcək, lakin təbii ki, ilk növbədə Ermənistanla sülh sazişi imzalamaq lazımdır.
“Əgər Gürcüstan və Azərbaycan hər ikisində artıq mövcud olan sabitliyi və əməkdaşlıq perspektivlərini nümayiş etdirsələr, bu, uğurlu inkişafa gətirib çıxarar. İnanıram ki, daha geniş regionun ölkələri və ən əsası bu ölkələrin biznesləri Cənubi Qafqaza daha çox diqqət yetirəcəklər. Bundan əlavə, Azərbaycan öz yenidənqurma layihələri ilə regionun təklif edə biləcəyi böyük perspektivi artıq nümayiş etdirir”, – deyə ekspert qeyd eidb.
Beləliklə, Azərbaycanın, Gürcüstanın və bütövlükdə Cənubi Qafqazın qlobal arenada rolunun getdikcə artdığı aydın olur. Prezident İlham Əliyevin dəqiq müəyyən edilmiş xarici siyasət prioritetləri sayəsində Azərbaycan bir sıra Avropa və region ölkələri üçün əsas tərəfdaşa çevrilir. Azərbaycan ən yaxın qonşuları ilə münasibətləri gücləndirməklə bütün regionun əhəmiyyətini yeni səviyyəyə çıxarır./trend.az