Putinin varisi bəlli oldu – Nüfuzlu nəşrdən sensasion iddia
İngiltərənin “The Telegraph” qəzeti Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kiril Budanovun Rusiya Prezidenti Vladimir Putinlə bağlı iddiasını gündəmə gətirib.
Ukraynanın baş kəşfiyyatçısı ingilis nəşrinə Putinin sabiq baş nazir Sergey Kiriyenkonu özünə varis seçdiyini iddia edib.
Kiriyenkonu “Putinin sirdaşı” kimi təqdim edən “Telegraph” yazır:
“Putinin varis planından heç kimin xəbəri yoxdur. Amma Rusiya lideri 1990-cı illərdə Qərb liberalizmini dəstəklədiyi halda, indi Putinin avtoritarizmini dəstəkləyən və bu mövzuda fəlsəfi səyahətə çıxan Kiriyenkoya arxalanır”.
Qəzet yazır ki, 1998-ci ildə 35 yaşında baş nazir təyin edilən və “Rusiyanın ən gənc baş naziri” olan Kiriyenko bir müddət əvvəl ilhaq edilən 4 bölgədə (Xerson, Luqansk, Donetsk və Zaporoje) keçirilmiş “referendumlar”da məsuliyyəti şəxsən öz üzərinə götürüb, Rusiyanın genişlənməsində böyük rol oynayıb və Putinin yanında mövqeyini daha da möhkəmləndirib.
1998-ci ildə cəmi 4 ay Rusiyanın baş naziri olmuş “Kinder Sürpriz” ləqəbli Kiriyenko Putini Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbər təyin etməklə bu qısa zamanda həyatını dəyişib.
Karyerasının qalan hissəsini “Rusiyanın gələcək lideri” kimi müəyyən etmiş Kiriyenko prezident olduqdan sonra Putinin yanından ayrılmayıb./teleqraf.com